Çempion yeni mövsümə qələbəylə başlayıb
Sentyabrın 26-da kişi basketbol klublarının mübarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) birinci turun ilk oyunu ilə 2025-2026-ci illər mövsümünə start verilib. Mövsümün ilk matçında ötən ilin finalçıları olan "Sabah"la (çempion) və "Nefti"(vitse-çempion) qarşılaşıb. Bakı İdman Sarayında baş tutan oyunda qələbəyə sevinən yenə də "Sabah" olub - 86:75 (17:23, 23:11, 20:11, 26:30). Hesabdan da göründüyü kimi matçın ilk 10 dəqiqəlik hissəsi "Neftçi"nin üstünlüyü
İlə keçsə də (17:23) ikinci 10 dəqiqəlikdə litvalı mütəxəssis Rimas Kurtinaytesin komandası fəallığı artıraraq vəziyyəti öz xeyrinə dəyişə bilib - 23:11 (40:34). Üçüncü hissə də "Sabah"ın üstünlüyü ilə bitib - 20:11 (60:45).
Sonuncu hissədə "Neftçi" fəallığı artırıb hesab arasındakı fərqi (60:45) azaltasa da məqlubiyyətdən yaxa qurtara bilməyib - 26:30 (86:75).
Matçın ən yaxşı oyunçusu adına isə dabl-dabl (18 xal + 14 podbor) edən Castin Tillman ("Sabah') layiq görülüb.
Yeri gəlmişkən, "Sabah" ölkəmizi Avrokubokların Çempionlar Liqasında, "Neftçi" isə Avropa Kubokda təmsil edəcək.
Turun növbəti oyunlarına gəlincə, təqvimi belədir:
27 sentyabr. "Abşeron" OİK, saat 19:00."Abşeron Lions" - "Şəki";
30 sentyabr. Bakı İdman Sarayı. Saat 19:00. NTD Baku - "Gəncə" VK;
2 oktyabr. Lənkəran OİK. Saat 19:00. "Lənkəran" - "Sumqayıt";
2 oktyabr. Bakı İdman Sarayı. Saat 19:00. "Sərhədçi ' - "Quba ";
4 oktyabr. Bakı İdman Sarayı. Saat 19:00. "ORDU" - "Naxçıvan".
İNTİQAM Məmmədov


