Azərbaycan MDB oyunlarına 27 güləşçi ilə qatılacaq
Azərbaycanın ev sahibliyi etdiyi və yeniyetmələr arasında keçirilən üçüncü MDB Oyunları davam edir. Qeyd edək ki, Oyunların proqramına daxil olan güləş yarışları Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək. AGF-dən verilən məlumata görə, ölkəmiz bu yarışda 27 güləşçi ilə təmsil olunacaq. Onlardan 10-u sərbəst güləş, 7-si qadın güləşi, 10-u isə yunan-Roma güləşi üzrə yarışlarda iştirak edəcək. Sərbəst güləş üzrə yığma komandaya böyük məşqçi Əsgərxan Novruzov və məşqçilər Vahid Məmmədovla Yaşar Əliyev, qızlardan ibarət komandamıza qadın yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov, məşqçilər Həsrət Məmmədyarovla Solmaz Abdulova, yunan-Roma güləşi üzrə yığmaya isə böyük məşqçi Taleh İsrafilov, məsqcilər Nizamı Əhmədovla Rasim Ağayev rəhbərlik edəcək.
Yarışda Azərbaycan, Rusiya, Belarus, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qirqizistan və Türkmənistanı təmsil edən 150 idmanci mübarizə aparacaq. 3-4 oktyabr günlərində sərbəst və qadın güləşi üzrə yarışların, 7 oktyabrda isə yunan-Roma güləşi üzrə yarışın qalibləri müəyyənləşəcək.
İNTİQAM Məmmədov


