Azərbaycan taekvondoçuları MDB Oyunlarını 22 medalla başa vurublar
Azərbaycanın ev sahibliyi etdiyi və sayca üçüncü olan MDB Oyunlarında taekvondo yarışlarına yekun vurulub. Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində keçirilən bu yarış Azərbaycan yığması üçün uğurlu olub. ATF-dən verilən məlumata görə, iki günlük yarışların ilk günündə 11 (3-2-6) medal qazanan Azərbaycan komandası ikinci gündə də eyni sayda medal əldə edib - 11 (1-0-10). Lakin ilk gündən fərqli olaraq, son gündə qazanılan medallardan yalnız biri qızıl əyarlı olduğu halda, qalan on medal bürünc olub. Son günün yeganə qızılını isə Vasif Səlimov (68 kq) qazanıb.
Beləliklə, Azərbaycanın taekvondo komandası üçüncü MDB Oyunlarını 22 (4-2-16) medalla başa vurub.
İNTİQAM Məmmədov


