2 boksçumuz AÇ-nin, 4 boksçumuzsa MDB Oyunlarının yarımfinalında
Çexiyanın Ostrava şəhərində 19 yaşlı (U-19) boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı davam edir. Dünən çempionatda 1/4 mərhələnin döyüşlərinə start verilib. Bu mərhələdə iştirak edən Azərbaycan boksçularından Rza Rzayev (70 kq) və Abbasqulu Şadlinski (75 kq) müvafiq olaraq Qleb Herdti (İzrail) və Gerasimos Tzavarisini (Yunanıstan) məqlub edərək, yarımfinala yüksəlib. Bununla da hər iki boksçumuz ən pis halda çempionatın bürünc medalını özünə təmin edib.
Yeri gəlmişkən, Azərbaycanın ev sahibliyi etdiyi üçüncü MDB Oyunlarında da boks yarışları davam edir. Dünən Yevlax Olimpiya İdman Kompleksində keçirilən boks yarışında 1/4 final döyüşləri başlayıb. Təmsilçilərimizdən Gülər Hüseynova (48 kq), Qardaş Rəhimov, Əli Ruşanov ( hər ikisi 46 kq) və Ayxan Həsənli (50 kq) döyüşünü qələbə ilə başa vuraraq, adını yarımfinala yazdırıb. Bu gün isə daha 12 təmsilçimiz 1/4 final döyüşünə çıxacaq.
İNTİQAM Məmmədov


