Millət vəkili Məşhur Məmmədov Masallıda şəhid ailələri ilə görüşüb
Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı rayonuna səfəri çərçivəsində şəhid ailələri ilə görüşlər keçirib, həmçinin Vətən uğrunda canından keçmiş qəhrəmanların məzarlarını ziyarət edib.
Millət vəkilinin növbəti görüşləri Hişkədərə və Tüklə ərazilərində baş tutub. Bir neçə kəndlərdə şəhid ailələrinin üzvləri ilə söhbət edən Məşhur Məmmədov onların qayğı və ehtiyacları ilə maraqlanıb, mövcud məsələlərin həlli istiqamətində öz dəstəyini əsirgəməyəcəyini bildirib.
Deputat qeyd edib ki, şəhid ailələrinin rifahı və sosial müdafiəsi daim dövlətimizin diqqət mərkəzindədir: “Biz də bir millət vəkili olaraq çalışırıq ki, bu diqqət və qayğını yerli səviyyədə davam etdirək, şəhid ailələrinin yanında olaq. Fəaliyyətim dövründə şəhid ailələrinin ziyarəti, onların problemlərinə xüsusi önəm verilməsi mənim üçün hər zaman prioritet olub.”
Görüş zamanı şəhid ailələri onlara göstərilən qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə və millət vəkilinə dərin təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, millət vəkili Məşhur Məmmədovun Masallı rayonunda sakinlərlə, o cümlədən şəhid ailələri ilə görüşləri ardıcıl olaraq davam etdirilir.
Akif AĞAYEV


