Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şahmatçıların komanda Avropa çempionatı başlayıb

Oktyabrın 5-də Batumidə ( Gürcüstan) kişi və qadın şahmatçılar arasında komanda Avropa çempionatına start verilib. Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan çempionatda Azərbaycan komandaları da daxil olmaqla, 40 kişi və 36 qadın komandası mübarizə aparacaq. Çempionat oktyabrın 14-də başa çatacaq. Yeri gəlmişkən, kapitanı tanınmış şahmatçı Teymur Rəcəbov olan kişi komandanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.

İlahə Qədimovanın kapitanliqi altında AÇ-ya qatılacaq qadın millisinin heyətinə isə Avropa çempionu adını daşıyan Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Gülnar Məmmədova və Xanım Balacayeva cəlb edilib.

Reytinq göstəricisinə görə, hər iki komandamız iştirakçılar arasında dördüncü yerdədir. Reytinq xalı 2660 olan kişi komandamız çempionatda ancaq Almaniya (2681), Hollandiya (2675) və Macarıstandan (2666) geri qalır. Aktivində 2362 xalı olan qadın komandamızı isə yalnız Gürcüstan (2451), Polşa (2397) və Ukrayna (2379) triosu qabaqlayır.

Bir məqamı da qeyd edək ki, qadın millimiz öz tarixində ən yüksək nəticəni 2023-cu ildə AÇ-da ikinci yeri tutmaqla göstərib. 

Maraqlıdır ki, həmin il kişi komandamız çempionatın reytinq (2701) favoriti olduğu halda yalnız 18-ci ola bilmişdi.

Birinci turda kişi komandamız Slovakiya, qadın millimiz isə Sloveniya ilə üzləşəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin