Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Binəqədi Gənclər Evində Abdulla Qurbani ilə görüş keçirilib +FOTO=5

Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçirilən “İmza saatı” layihəsinin növbəti qonağı Azərbaycan mədəniyyətinin və ədəbi mühitinin tanınmış siması, şair, publisist, dramaturq, nasir, ssenari müəllifi, rejissor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani olub.

AZpress.AZ xəbər verir ki, tədbir zamanı Abdulla Qurbani zəngin yaradıcılıq yolundan, ədəbiyyata gəlişindən, illər ərzində qazandığı həyat və sənət təcrübəsindən bəhs edib. O, ədəbiyyatı yalnız söz sənəti deyil, həm də mənəviyyat, milli kimlik və vətənpərvərlik məktəbi kimi dəyərləndirdiyini vurğulayıb.

Xüsusilə, 2020-ci il 10 dekabr tarixində Bakıda keçirilən Qələbə Paradının ssenari müəllifi və aparıcısı kimi yaşadığı qürurlu anlardan danışan qonaq bu tarixi hadisənin onun həyatında ən böyük mənəvi məsuliyyətlərdən biri olduğunu qeyd edib. Abdulla Qurbani bildirib ki, Qələbə Paradı sadəcə hərbi gücün nümayişi deyil, həm də xalqın birliyinin, şəhidlərin müqəddəs xatirəsinin və Azərbaycan əsgərinin qələbə iradəsinin bədii təcəssümü idi.

Tədbir çərçivəsində o, vətənpərvərlik mövzusunda gənclərə dəyərli tövsiyələr verib, onlara daim Vətəni sevməyi, milli ruhu yaşatmağı və öz peşə sahələrində dövlətə və xalqa xidmət etməyi tövsiyə edib.

Görüşdə gənclər qonağa müxtəlif mövzularda suallarını səsləndiriblər. Abdulla Qurbani hər bir suala geniş və səmimi cavab verərək, illərin təcrübəsinə əsaslanan müşahidələrini və yaradıcılıq prinsiplərini gənclərlə bölüşüb.

Tədbirin sonunda Abdulla Qurbani gənclərə özünün müəllifi olduğu “Örnək” kitabını hədiyyə edib.

Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova dəvəti qəbul etdiyinə görə Abdulla Qurbaniyə təşəkkürünü bildirib. 

Abdulla Qurbaninin iştirakı ilə keçirilən “İmza saatı” layihəsinin bu görüşü gənclərin mənəvi dünyasının zənginləşməsi, milli ruhun aşılanması və yaradıcı düşüncənin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Best coffeeshop in Berlin