Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda Xıdır Hüseynovun xatirəsinə güləş turniri 

 

Oktyabrın 12-də Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası Xıdır Abbas oğlu Hüseynovun (02.02.1964 – 08.10.2021) xatirəsinə həsr olunmuş yeniyetmələr (U-15) arasında sərbəst güləş üzrə 2-ci Masallı rayon açıq turniri keçirilib. 
Yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Turnirin açılış mərasimində əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın, eləcə də mərhum məşqçi Xıdır Hüseynovun və digər dünyasını dəyişmiş idmançıların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirov, Azərbaycan Güləş Federasiyasının 4 saylı nümayəndəliyinin baş məşqçisi İlham Məmmədov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev, Masallı UGİŞM-in direktoru Əlifağa Yaqubov, əməkdar məşqçilər Qurbanəli İsayev, Ceyhun Ağamalıyev, Xanağa Quliyev və qabaqcıl bədən tərbiyəsi və idman işçisi Bəhram Məmmədov idmana göstərilən dövlət dəstəyindən danışıblar, güləşin regionda inkişafından söz açaraq Xıdır Hüseynovun gənclərin yetişməsindəki rolunu xatırlayıblar.
Yarışda Masallı, Lənkəran, Astara, Cəlilabad və Biləsuvar rayonlarından olan 60-a yaxın yeniyetmə pəhləvan 10 çəki dərəcəsində mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin nəticələrinə əsasən, komanda hesabında Cəlilabad birinci, Lənkəran ikinci, Masallı isə üçüncü yeri tutub.
Qaliblər turnirin təşkilat komitəsi tərəfindən kubok, diplom və medallarla mükafatlandırılıblar.

Akif AĞAYEV

Best coffeeshop in Berlin