Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xalq artisti Ramiz Quliyev son mənzilə belə yola salındı +FOTOLAR

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyevlə vida mərasimi keçirilib.

Mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu.

Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, hökumət qurumları və müxtəlif kollektivlər adından əklil düzülmüşdü.

Vida mərasimində mədəniyyət naziri Adil Kərimli Ramiz Quliyevin zəngin həyat və yaradıcılıq yolundan danışıb. Nazir qeyd edib ki, onun yaratdığı irs Azərbaycan mədəniyyətində elə bir xəzinədir ki, zaman onu silə bilməz. Bu irs gələcək nəsillər üçün də örnək olacaq.

“Ramiz Quliyev yalnız böyük bir ifaçı kimi deyil, həm də sənətə gətirdiyi özünəməxsus üslubla seçilirdi. O, Azərbaycan tarını, milli musiqimizi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaqla mədəniyyətimizin dünyada sevilməsinə mühüm töhfə verib", - deyə nazir qeyd edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli dərin kədərini ifadə edərək deyib: "Ramiz Quliyevlə ömür boyu yaxın dost olmuşuq. Onu itirmək mənim üçün də, bütövlükdə Azərbaycan mədəniyyəti üçün də son dərəcə ağırdır. Biz Ramizlə saysız-hesabsız konsertlərdə bir yerdə iştirak etmişik. Onun sənətinə, ifasına hər zaman heyran olmuşam. Dünyanın bir çox ölkələrində böyük zal və orkestrlərin müşayiəti ilə çıxışlarımız olub. O, Azərbaycan musiqisini layiqincə təmsil edən, xalqın qəlbində özünə yer qazanmış nadir sənətkarlardan biri idi".

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə çıxışında Ramiz Quliyevin musiqi mədəniyyətimizi həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə layiqincə təmsil etdiyini deyib. O qeyd edib ki, Ramiz Quliyev Azərbaycan tar ifaçılığı sənətində ən yüksək səviyyəni nümayiş etdirib. “Mən düşünürəm ki, onun bu yanaşması və üslubu tar ifaçılığının ən seçilən nümunələrindən biri olaraq qalacaq”, – deyə o əlavə edib.

Xalq artisti Mənsum İbrahimov bildirib ki, Ramiz Quliyev Azərbaycan musiqi sənətində nadir istedada malik böyük sənətkar idi. Onun ifaçılığı, yaradıcılığı və musiqiyə olan yanaşması gələcək nəsillərə örnək olacaq. Onun adı xalqımızın qəlbində daim yaşayacaq.

Xalq artisti Vamiq Məmmədəliyev çıxışında Ramiz Quliyevin musiqi irsimizin yaşadılmasında çox böyük işlər gördüyünü deyib. O bildirib ki, bütün bunlar onun tara olan sevgisindən yaranmışdı: “Gözəl xasiyyəti var idi. Sədaqətli dost, yaxşı yol yoldaşı idi. Onu itirmək olduqca ağırdır”.

Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev atasının sənətinə hər zaman böyük diqqətlə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

“Dost itirmək ayrı dərddir, müəllim itirmək ayrı dərddir, ata itirmək isə tamam başqa dərddir… Mən üçünü də itirdim…Mikayıl Müşfiqin gözəl sözləri var: Oxu tar, oxu tar, Səni kim unudar. Ramiz müəllimi heç vaxt unutmayacağıq", - deyə Əyyub Quliyev diqqətə çatdırıb.

Ramiz Quliyevin cənazəsi Beynəlxalq Muğam Mərkəzinin binasından qaldırılaraq İkinci Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Görkəmli sənətkarın cənazəsi torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

Ramiz Quliyevin sənət irsi və xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!

Fotolar: Rüstəm İsmayılov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:

+99477 737 75 76

Best coffeeshop in Berlin