Zəfər və qəhrəmanlığın rəmzi
Füzuli rayonu Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biridir. Bu torpaqlar əsrlər boyu xalqımızın mədəniyyət, ədəbiyyat və qəhrəmanlıq ənənələrinin beşiyi olub. Füzuli şəhəri həm gözəlliyi, həm də strateji mövqeyi ilə seçilib. Lakin 1993-cü ildə şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu və uzun illər boyu viran vəziyyətdə qaldı.
Bu illər ərzində Füzuli xalqının ürəyində bir nisgil, bir arzu yaşayırdı — doğma torpaqlara qayıtmaq arzusu. Bu arzu nəhayət 2020-ci il 17 oktyabr tarixində gerçək oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi.
Bu qələbə xalqımızın birliyi, cəsarəti və ədalət uğrunda mübarizəsinin parlaq nümunəsi idi. Füzulinin azad olunması həm də Vətən müharibəsinin gedişində mühüm strateji dönüş nöqtəsi oldu. Füzulidən başlanan zəfər yolu bizi Şuşaya, Qarabağın tam azadlığına apardı.
Füzuli şəhəri günü bu gün artıq qələbə, azadlıq və quruculuq rəmzinə çevrilib. İşğaldan azad olunandan sonra şəhərdə geniş tikinti və bərpa işləri aparılır. Yeni yollar, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri inşa edilir. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib və bu, bölgənin inkişafına böyük töhfədir.
Bu gün Füzuli şəhəri dirçəlir, həyat geri qayıdır. Əsirlik illərində dağıdılan şəhər indi yenidən qurularaq müasir, yaşıl və ağıllı şəhər modelinə çevrilir. Burada həyatın yenidən canlanması şəhidlərimizin qanı bahasına qazanılmış azadlığın bariz sübutudur.
Füzuli şəhəri gününü qeyd etməklə biz bir daha şəhidlərimizin xatirəsini yad edir, qazilərimizin qəhrəmanlığına dərin ehtiram göstəririk. Bu gün biz onların sayəsində rahat nəfəs alır, doğma torpaqlarımızda azad yaşayırıq.
Füzuli şəhəri günü xalqımızın yaddaşında əbədi qalacaq, gələcək nəsillərə Vətən sevgisinin, azadlıq mübarizəsinin və milli qürurun ən parlaq nümunəsi kimi ötürüləcəkdir.
Lətifə Həsənova,
Masallı rayon sakini


