Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Binəqədi Gənclər Evində dəmiryolçularla görüş keçirilib +FOTO=5

Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Peşə sirləri” layihəsi çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yaranmasının 145 illliyinə həsr olunmuş görüş keçirilib. Tədbirin əsas məqsədi gəncləri dəmir yolu sahəsinin tarixi inkişaf mərhələləri, müasir infrastrukturun formalaşması, ölkə iqtisadiyyatındakı rolu və bu istiqamətdə mövcud karyera imkanları ilə daha yaxından tanış etmək olub.

Görüşdə ADY-nin sərnişin qatarlarının maşinisti Şəmşəd Hüseynov, mühəndis Xəyal Zahidov, eləcə də İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları Pərviz Sadıqov və Səmayə Quliyeva iştirak ediblər. Onlar çıxışlarında dəmir yolu sahəsinin ölkəmiz üçün strateji əhəmiyyətini vurğulayaraq bu sahədə çalışan insanların fədakarlığı və peşəyə olan sevginin önəmini xüsusi qeyd ediblər.

Tədbir zamanı qonaqlar Azərbaycanın dəmir yolları sisteminin keçdiyi inkişaf yolundan, infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələrdən, regionlararası əlaqələrin genişləndirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında ölkəmizin artan rolundan danışıblar. Qeyd olunub ki, Azərbaycan Dəmir Yolları təkcə nəqliyyat sektoru üçün deyil, həm də iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında mühüm rol oynayır, regionların sosial rifahına və əmək bazarının genişlənməsinə mühüm töhfə verir.

Gənclər həmçinin dəmiryolçuların gündəlik fəaliyyəti, təhlükəsizlik qaydaları, texnoloji yeniliklərin tətbiqi və rəqəmsallaşma prosesləri barədə ətraflı məlumat əldə ediblər. Gənclər üçün ən maraqlı hissələrdən biri də ADY-nin 145 illiyinə həsr olunmuş “Üç əsrin yaddaşı” adlı filmin nümayişi olub. 

Qeyd edək ki, “Peşə sirləri” layihəsinin əsas məqsədi gənclərin müxtəlif peşə sahələri haqqında biliklərini artırmaq, onların praktiki bacarıqlarının formalaşmasına və gələcək karyera istiqamətlərini müəyyənləşdirmələrinə dəstək olmaqdır. Müxtəlif sahələrin tanınmış mütəxəssislərinin iştirakı ilə keçirilən bu görüşlər gənclərin dünyagörüşünün genişlənməsinə, onların real iş mühiti ilə tanış olmasına və peşəkar düşüncə tərzinin formalaşmasına xidmət edir.

Xatırladaq ki, Binəqədi Gənclər Evi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. 2016-cı ildə istifadəyə verilən mərkəz gənclərin fərdi inkişafına, yaradıcılıq potensialının artırılmasına, asudə vaxtlarının səmərəli təşkili və ictimai fəallıqlarının gücləndirilməsinə xidmət edir. Binəqədi Gənclər Evi müxtəlif istiqamətli layihələr, təlimlər, seminarlar və sosial təşəbbüslər vasitəsilə gənclərin maariflənməsinə və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərir.

Best coffeeshop in Berlin