Azərbaycan–Qazaxıstan müttəfiqliyi güclənir
2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxışı iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi.
Ölkə rəhbərimizin Qazaxıstana dövlət səfəri və Ali Dövlətlərarası Şuranın iclası Azərbaycan–Qazaxıstan münasibətlərinin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Bu, Türk dünyasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsində mühüm addımdır.
Görüşlər zamanı Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı əsas müzakirə mövzularından biri oldu. Bakı və Astananın fəal əməkdaşlığı Türk dövlətlərini birləşdirən, Avrasiya məkanının geosiyasi və iqtisadi mənzərəsini dəyişdirən mühüm amilə çevrilir.
Dövlətimizin başçısı İlham Əliyev Qazaxıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi dəyişməz dəstəyi yüksək qiymətləndirdi. Bu mövqe Türk birliyinin sarsılmazlığını və beynəlxalq hüquqa sadiqliyi nümayiş etdirir.
Prezidentimizin çıxışında Zəngəzur dəhlizinin açılması ilə bağlı real müddətlərin səsləndirilməsi bölgədə sülhün və iqtisadi əməkdaşlığın gələcəyinə dair Azərbaycanın qətiyyətli mövqeyini ifadə etdi.
Azərbaycan və Qazaxıstan arasında bu səfər çərçivəsində imzalanan sənədlər, həmçinin dövlət başçılarının siyasi iradəsi, Orta Dəhliz boyunca inteqrasiya proseslərini daha da sürətləndirərək Türk dünyasının birliyinə yeni nəfəs gətirəcək.
Xədicə Fərziyeva,
Masallı rayonu, Yolağac kənd tam orta məktəbi.


