U-23 güləş millimizin son iki bürünc şansı
Serbiyanın Novi Sad şəhərində 23 yaşlı (U-23) gənclər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan komandalarının da iştirak etdiyi dünya çempionatına bu gün sərbəst güləşçilərin həlledici görüşləri ilə yekun vurulacaq. Çempionatın son günündə daha iki təmsilçimiz təsəlliverici görüşlərlə bürünc medal uğrunda mübarizəyə qatilacaq.
Cütlüyümüzdən Ayxan Abdullazadə (65 kq) ukraynalı M.Qoncatova, Ali Tsokayevsə (86 kq) belaruslu Ə. Nikkoliniyə qarşı çıxış edəcək.
Xatırladaq ki, bu günə qədər Azərbaycan komandası 6(3-1-2) medal qazanıb. Bunlardan üçü (2-0-1) klassiklərin, biri (0-0-1) qızların, ikisi (1-1-0) isə sərbəst güləşçilərin payına düşür.
Klassiklərdən Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) qızıl, Ruslan Nurullayev (72 kq) bürünc medal qazanıb.
Qızların yeganə bürünc medalı Günay Qurbanovanın (59 kq) aktivinə yazılıb.
Sərbəst güləşçilərdənsə Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanovsa (125 kq) gümüş medala sahib çıxıb.
İNTİQAM Məmmədov


