Kişi şahmatçıların Dünya Kuboku başlayıb
Nicat Abbasovla Aydın Süleymanlı 1/32 finala yüksəlib
Dünən Hindistanın Qoa ştatında kişi şahmatçıların Dünya Kubokuna 1/64 final mərhələnin görüşləri ilə start verilib. Qeyd edək ki, mükafat fondu 2 milyon ABŞ dolları təşkil edən və iddiacilar turnirinə seçmə xarakteri daşıyan bu turnirin ilk mərhələsində 4 təmsilçimiz mübarizəyə qatılıb. Təmsilçilərimizdən ikisi bu mərhələni keçib adını 1/32 finala yazdırdığı halda, digər ikisi mübarizəni erkən dayandırıb. Mərhələ keçən cütlüyümüzdən Nicat Abbasov Özbəkistan təmsilçisi Muhammedzohid Suyarovu, Aydın Süleymanlı isə taylandli Prina Laoxvirarani hər iki oyunda məğlub edib - 2:0.
Təəssüflər olsun ki, digər cütlüyümüz - Əhmməd Əhmədzadə ilə Read Səmədov isə üzləşdikləri rəqiblərə 0,5:1,5 hesabla uduzub.
Noyabrın 4-də turnirin 1/32 final mərhələsinin partiyalarına start veriləcək. Bu mərhələdən etibarən digər iki təmsilçimiz - Şəhriyar Məmmədyarov və Rauf Məmmədov da mübarizəyə qatılacaq.
Reqlamentə görə, turnirdə ilk üç yeri tutan şahmatçılar iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.
İNTİQAM Məmmədov


