İslamiadada kimlər güləşəcəklər?
7-21 noyabr günlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçiriləcək 6-ci İslamiadanin (İslam Həmrəyliyi Oyunları) proqramına daxil olan güləş yarışlarında Azərbaycan təmsilçiləri də iştirak edəcəklər. AGF-dən verilən məlumata görə, bu oyunlarda ölkəmiz 18 (6 sərbəst güləş, 6 qadın güləşi, 6 yunan-Roma güləşi) güləşçi ilə təmsil olunacaq. Güləş yarışları 18-21 noyabr aralığında baş tutacaq.
Heyətlərə gəlincə, sərbəst güləş üzrə yığma komandanın heyətinə İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) cəlb edilib. Komandaya baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifov rəhbərlik edəcək.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Oyunlara qatılacaq yunan-Roma güləşi üzrə yığma komandanın heyətində Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (77 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.
Baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovun başçılıq etdiyi qadınlardan ibarət millinin heyətinə isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Zəhra Kərimzadə (76 kq) daxil edilib.
İNTİQAM Məmmədov


