AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR
Xalq artisti Hacı İsmayılovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirildi
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 29 aprel 2024 - cü il saat 14:00 – da görkəmli teatr və kino aktyorumuz, Xalq artisti, “Şöhrət” ordenli Hacı İsmayılovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir muzeyin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutdu.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq qonaqları salamladı və sevimli sənətkarımızı yubileyi münasibətilə təbrik etdi. Ardınca tədbirin qonaqlarından teatrşünas, sənətşünaslıq doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə, rejissor, "Azərbaycantelefilm"in direktoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Ramiz Həsənoğlu, rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov, "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri, ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiri, Xalq artisti İlham Namiq Kamal, Xalq artistləri Cəfər Namiq Kamal, Həmidə Ömərova, Əli Nur, sənətsevər Vasif Ayan və aktyorun digər sənət dostları yubilyarla bağlı öz xatirələrindən danışıb, ürək sözlərini bölüşdülər.
Tədbir çərçivəsində Teatr Muzeyinin fondunda qorunan, aktyorun həyat və yaradıcılığını əks etdirən eksponatlardan hazırlanmış videoçarx, həmçinin oynadığı tamaşalardan, bədii filmlərdən kəsilmiş fraqmentlər nümayiş olundu.
Eyni zamanda respublikanın əməkdar artisti Zakir Əliyev öz ifası ilə sənətkarı təbrik etdi.
Tədbirdə incəsənət xadimləri, aktyorun sənət dostları, muzey əməkdaşları və media nümayəndələri iştirak etdilər.
Tədbirin yekununda söz yubilyara verildi.
Sonda xatirə şəkilləri çəkildi.
Araz Məmmədov


