Paytaxt məktəblilərinin velosiped yarışı keçirilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) ilə Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında velosiped yarışı keçirilib. AVİF-dən verilən məlumata görə, iki gün davam edən bu yarışda heyəti 4 (2 oqlan, 2 qız) nəfərdən ibarət olan 22 məktəb komandası medallar uğrunda mübarizə aparıb.
Yarışın ilk günü velosipedçilər təsnifat mərhələsində özlərini sınayıblar. Mərhələ başa çatandan sonra ən yaxşı 8 komanda müəyyənləşib. İkinci gün isə həmin güclü 8 komanda 1/4 finaldan mübarizəni davam ediblər. İkinci gün həm də yarımfinal və həlledici final keçirilib. Finalda Səbail rayonunun 236 və 85 saylı məktəbləri qarşılaşıb. Qarşılaşma 236 saylının qələbəsi ilə bitib. Üçüncü yeri isə Pirallahı təmsilçisi olan 186 saylı məktəbin komandası tutub.
Yarışda fərqlənən komandalar təşkilatçılar tərəfindən diplom, medal və pul mükafatı ilə təltif olunublar. Qalib komandandanin hər bir üzvünə AVİF tərəfində velosiped hədiyyə edilib.
İNTİQAM Məmmədov


