Qadın sablya komandamız İslamiadanın qalibi olub
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda sayca 6-cı dəfə keçirilən İslam Həmrəyliyi Oyunlarında (İslamiada-2025) qadın qılıncoynadanların sablya və şpaqa üzrə komanda yarışlarına yekun vurulub. Qeyd edək ki, heyəti Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiarovicdən ibarət olan qadın sablya komandamız İslamiadanın qalibi adını qazanaraq qızıl medala layiq görülüb. Qalib triomuz yarımfinalda Türkiyəni 45:32, finalda isə Özbəkistan millisini 45:43 hesabla məğlub edib.
Heyətində Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovanın yer aldığı qadın şpaqa komandamız isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb. Xatırladaq ki, 1/4 finalda BƏƏ komandasını böyük fərqlə (45:29) üstələyən millimiz yarımfinalda Özbəkistan komandasına minimal hesabla uduzub - 38:39.
Bundan öncə isə Palina Kaspiarovic qadınların fərdi sablya yarısında, Vahab Fətullayev isə kişilərin fərdi şpaqa yarısında bürünc medal qazanıb.
İNTİQAM Məmmədov


