Qadın şahmat millimiz dünya çempionatında gümüş medal qazanıb
Avropa çempionumuz Ülviyyə Fətəliyeva isə birinci lövhədə birinci olub
İspaniyanın Linares şəhərində Azərbaycan yığması da daxil olmaqla, planetin ən yaxşı 12 qadın şahmat komandasının iştirakı ilə keçirilən dünya çempionatına noyabrın 23-də baş tutan həlledici final görüşləri (2 oyun) ilə yekun vurulub. Mundialın finalında heyəti rusiyalı zəka sahiblərindən ibarət olan FİDE komandası ilə Azərbaycan millisi qarşılaşıb. Hər iki görüş rusların qələbəsi (3:1 və 2,5:1,5) ilə bitincə millimiz öz tarixində ilk dəfə dünya çempionatının gümüş medalçısı olub. Bununla yanaşı, millimizin üzvü, Avropa çempionu adını daşıyan Ülviyyə Fətəliyeva isə birinci lövhədə 10 oyundan topladığı 6 xalla bütün rəqiblərini geridə qoyaraq bu nominasiyada qızıl medal qazanıb.
Xatırladaq ki, İlahə Qədimova (kapitan), məşqçilər Qədir Hüseynovla Nicat Abbasovun rəhbərliyi altında mundiala qatılan millimizin heyətində Fətəliyeva ilə yanaşı, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb.
Yeri gəlmişkən, mundialın ilkin qrup (A) mərhələsində Peru (3:1) və İspaniyani (3:1) məqlub edərək, Qazaxıstana (1,5:2,5), ABŞ-a (0,5:3,5) və FİDE-yə (1:3) uduzan millimiz 4 xalla qrupun 4-cusu olmaqla mundialın 1/4 finalına yüksəlib. Burada Gürcüstanı (2:2 və 2,5:1,5) üstələyib və 1/2 finala keçib. Finala çıxışda isə millimiz Qazaxıstandan (2:2, 2:2 və 3:1) güclü olub.
İNTİQAM Məmmədov


