ADPU tələbələrinin maraqlı həftəsonu – ekskursiya, kitab müzakirəsi +FOTO=8
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı (ADPU TGT) tərəfindən həftəsonu tələbələrin asudə vaxtlarını daha səmərəli, məqsədyönlü və faydalı şəkildə keçirmələrini təmin etmək məqsədilə müxtəlif istiqamətləri əhatə edən layihələr hazırlanaraq həyata keçirilib.
Təşkilat daxilində fəaliyyət göstərən Debat klub və Kitab klubunun bircə təşkilatçılığı ilə Antuan de Sent-Ekzüperinin "Balaca şəhzadə" əsərinin müzakirəsi və əsər əsasında debat oyunu keçirilib. Əvvəlcə iştirakçılarla əsərin əsas fəlsəfi məqamları və ideyaları ətrafında geniş diskussiya aparılıb. Ardınca qısa debat təlimi keçirilərək oyunun əsas qaydaları izah edilib. Tələbələr arasından təsadüfi seçim əsasında hakimlər və debat iştirakçıları müəyyənləşdirilib. Dörd debat raundunun sonunda qaliblər müəyyənləşdirilib, iştirakçılara əsərin məzmunu əsasında hazırlanmış kiçik əl işləri hədiyyə olunub.
Elm və Təhsil klubunun təşkilatçılığı ilə “Muzeydə bir gün” layihəsi çərçivəsində tələbələrin Səməd Vurğunun ev-muzeyinə ekskursiya təşkil edilib. Ekskursiya zamanı tələbələr XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair və dramaturq Səməd Vurğunun həyat və yaradıcılığı ilə yaxından tanış olub, ədibin milli mədəniyyətimizə verdiyi töhfələr barədə ətraflı məlumat əldə ediblər.


