Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Vahid Aslanın yeni nəşr olunan “Çətindərə” adlı kitabı oxuculara təqdim olundu +FOTO=12

Bu günlərdə “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin mərkəzi ofisində tanınmış yazıçı-şair Vahid Aslanın “CBS” nəşriyyatında nəfis tərtibatla çapdan çıxan “Çətindərə” adlı kitabının (kitabda 1 roman, hekayə yer alıb) təqdimat mərasimi baş tutdu. 

Qeyd edək ki, kitabda yer alan “Çətindərə” romanı Gədəbəyin etnoqrafik təbiətinin, səfalı yaylaqlarının və yurd yerlərinin tanıdılmasına hesablanıb. Romanda cərəyan edən hadisələr 1979-1992-ci illəri əhatə edir. Romanda məşhur “Başkənd əməliyyatı”na da toxunulub və həmin əməliyyatın iştirakçılarının əksəriyyəti böyük ehtiramla xatırlanıb. Eyni zamanda tanınmış el sənətkarları – balabançı Bəşir, balabançı Nizam və aşıq Abbasəli yad edilib. Hekayələrdən biri – “Müəllim” adlı hekayə tanınmış maarifçi-ziyalı, dünya şöhrətli yazıçı Mir Cəlal Paşayevə həsr olunub. Digər hekayələrin əsas mövzusu, insan psixologiyasının müxtəlif çalarları, fərqli xarakterlər arasındakı ziddiyyətlər, qadın azadlığı və yüksək vətənpərvərlik hissləri üzərində qurulub. 

Tədbirdə İctimai Birliyin İdarə Heyətinin, Gənclər Komitəsinin və Qadınlar Komitəsinin üzvləri, yazıçılar, şairlər, jurnalistlər, alimlər, tanınmış ziyalılar iştirak etdilər. 

Tədbir Azərbaycan Pespublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. 
Tədbirin aparıcısı tanınmış ziyalı, “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov tədbir iştirakçılarına Vahid Aslanın yaradıcılığı haqqında geniş məlumat verdi.

Tədbirdə maraqlı çıxışlarla bərabər Vahid Aslanın şeirləri və şeirlərinə bəstələnmiş mahnılar da səsləndirildi.

Tədbirin sonunda müəllif yeni nəşr olunan kitablarını öz imzası ilə oxucularına hədiyyə etdi. 

Xatırladaq ki, yeni nəşr olunan bu kitab Vahid Aslanın sayca 16-cı kitabıdır.

Nuray Əsgərli

Best coffeeshop in Berlin