Masallıda sərgi: “Azərbaycan sevgisi – cənub rəssamlarının fırçasında”
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin dəstəyilə 8 Dekabr – Beynəlxalq Rəssamlar Gününə həsr olunmuş “Azərbaycan sevgisi – cənub rəssamlarının fırçasında” adlı sərgi keçirilib.
Masallı Dövlət Rəsm Qalereyasında təşkil olunan sərgidə regionun mədəniyyət işçiləri, ziyalılar, gənclər və media nümayəndələri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov iştirakçıları salamlayaraq rəssamları bayram münasibətilə təbrik edib, incəsənətin inkişafına göstərilən dövlət dəstəyindən və mədəni tədbirlərin əhəmiyyətindən danışıb.
Masallı Dövlət Rəsm Qalereyasının direktor əvəzi Təhmasib Məcidov sərginin məqsədi və əhəmiyyəti barədə məlumat verib, iştirakçı rəssamlar haqqında danışıb. O, bölgədə rəssamlıq sənətinin inkişafı və bu sahədə çalışan sənətkarların yaradıcılığı barədə fikirlərini bölüşüb.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev rəssamlığın regionun mədəni həyatında oynadığı rol və rəssamların yaradıcılıq töhfələri haqqında çıxış edib.
Sonda qonaqlar Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonlarından olan rəssamların əsərləri ilə tanış olublar. Sərgidə həm ustad, həm də gənc rəssamların müxtəlif üslub və texnikalarda işlənmiş əsərləri nümayiş etdirilib.
Akif AĞAYEV


