Ən güclü snayperlər müəyyənləşib
Dekabrın 14-də Qəbələ Atıcılıq Klubunda dövlət qurumları arasında güllə atıcılığı üzrə birincilik keçirilib. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində keçirilən bu turnirdə 17 dövlət qurumunu təmsil edən 49 (30 kişi və 19 qadın) nəfər özünü sınayıb. Qadınlar arasında ən yaxşı snayper adına birinci yeri tutan Aynur Aqayeva (FHN) layiq görülüb. İkinci yeri İlhamə Cəfərova (Azərbaycan Hava Yolları) tutub. İlk üçlüyü isə Aynur Əsgərova (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) tamamlayıb.
Kişilərin analoji yarışı Ayaz Kərimovun (Azərbaycan Hava Yolları) qələbəsi ilə başa çatıb. İkinci yeri onun komanda yoldaşı Ramin Əmirov tutub. İlk üçlüyü isə FHN təmsilçisi Fuad Əliyev qapayıb.
İNTİQAM Məmmədov


