Sumo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
Dünya Sumo Çempionatı gələn il 17-18 oktyabr tarixlərində Bakı İdman Sarayında keçiriləcək.
Bu barədə AZƏRTAC-a Yaponiya Döyüş Sənəti və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov məlumat verib.
Onun sözlərinə görə, ilk dəfə olaraq Azərbaycanda keçiriləcək yarışda 35 ölkədən idmançıların iştirakı gözlənilir. "Bu rəqəm daha da çox ola bilər. Biz bütün çəki dərəcələrində Azərbaycan sumo güləşçilərinin iştirakını təmin etməyə çalışacağıq. İstərdik ki, idmançılarımız həm gənclər, həm də böyüklər kateqoriyasında yarışsınlar", - deyə təşkilatın nümayəndəsi qeyd edib.
Həm qadınlar, həm də kişilər arasında keçiriləcək Dünya Çempionatında ən populyar çəki dərəcələri 85, 100, 115 və 115+, eləcə də açıq kateqoriya olacaq. Komanda yarışları da təşkil olunacaq.
Qeyd edək ki, sumo iki güləşçinin dairəvi platformada (dohyō) ən güclünü müəyyən etmək üçün yarışdığı döyüş sənətidir.
Bu idman növü Yaponiyada yaranıb. Yaponlar sumonu döyüş sənəti hesab edirlər. Sumo ənənəsi qədim dövrlərə gedib çıxır, ona görə də hər matç çoxsaylı rituallarla müşayiət olunur.
Yaponiya sumonun tanınmış mərkəzi və peşəkar rikişi yarışlarının keçirildiyi yeganə ölkədir. Dünyanın qalan hissəsində yalnız həvəskar sumo mövcuddur.


