"Ayntraxt" azarkeşlərin dəstəyi olmadan "Qarabağ"la oynayacaq
Almaniyanın "Ayntraxt Frankfurt" klubu UEFA Çempionlar Liqasının yeddinci turunda "Qarabağ"la qarşılaşacağı oyunda azarkeşlərinin dəstəyini itirəcək.
Bu qərar UEFA İntizam Komissiyası tərəfindən verilib. Buna səbəb Frankfurt azarkeşlərinin əvvəlki oyun günündəki davranışları olub. "Barselona" ilə səfər matçında "Ayntraxt" azarkeşləri pirotexnika vasitələrindən istifadə ediblər və buna görə klub 38.000 avro cərimə olunub.
Bundan əlavə, komissiya Frankfurtdan stadion infrastrukturuna dəyən ziyanı ödəmək üçün 30 gün ərzində "Barselona" ilə əlaqə saxlamağı tələb edib. Katalonlar zədələnmiş hasar, oturacaqlar və sanitar qurğular üçün təxminən 6100 avro tələb etmək niyyətindədirlər.
Bu hadisəni nəzərə alaraq, UEFA "Ayntraxt" azarkeşlərinə Bakıdakı oyun üçün bilet satışını qadağan etmək qərarına gəlib. Nəticədə, Almaniya komandası matçı tribunaların dəstəyi olmadan oynayacaq.
"Qarabağ" - "Ayntraxt" matçı 21 yanvar 2026-cı ildə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


