Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib +FOTO=10

13 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Şuranın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər və il ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. O, həmçinin cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki proqram xarakterli çıxışına toxunaraq, həmin çıxışın elmi ictimaiyyət və bütövlükdə cəmiyyət üçün mühüm strateji yol xəritəsi olduğunu vurğulayıb.

Ə.Əmiraslanov çıxışında 10 dekabr tarixində Ankarada, Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə Prezident Millət Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim və yazıçı-publisist Sabir Şahtaxtının “Duman çəkiləndə” romanının təqdimatı barədə də məlumat verib. Şura sədri qeyd edib ki, hər iki ölkənin rəsmi şəxsləri və ictimai xadimlərinin iştirak etdiyi tədbirdə Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycan–Türkiyə qardaşlığının möhkəmlənməsindəki müstəsna rolu, eləcə də Vətən müharibəsində qazanılan Qələbənin Türk dünyası üçün tarixi əhəmiyyəti geniş şəkildə vurğulanıb.

Hesabat yığıncağında pedaqogika üzrə elmlər doktoru, professor, İcmanın Binəqədi rayonu üzrə nümayəndəsi Həsən Bayramov çıxış edərək İrəvan Müəllimlər Seminariyasına həsr olunmuş monoqrafiyası, müxtəlif saytlarda dərc olunmuş məqalələri və iştirak etdiyi tədbirlər barədə məlumat verib. O, icmaların və nümayəndəliklərin fəaliyyətinin daha effektiv təbliği məqsədilə icma və nümayəndəliklərdə admin ştatlarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Əməkdar jurnalist, professor Etibar Babayev Türkiyədə Anadolu türkcəsində nəşr olunmuş “Xatirələr işığında Heydər Əliyev” adlı kitabı haqqında danışaraq, nəşrin Ümummilli Liderin irsinin beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Nüvədi kəndindən olan kimya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev Qərbi Azərbaycan həqiqətləri barədə gənclərin daha geniş və sistemli şəkildə məlumatlandırılmasının, həmçinin Qərbi Azərbaycana qayıdış prosesində gənclərin fəal iştirakının təşviq edilməsinin zəruriliyini qeyd edib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşlər İdarəsinin keçmiş rəisi, əslən Qafan rayonunun Oxtar kəndindən olan polis general-mayoru Murad Hüseynov isə Qərbi Azərbaycanın görkəmli şəxsləri, müxtəlif dövrlərdə məsul dövlət vəzifələrində çalışmış ictimai-siyasi xadimlər barədə vahid informasiya bazasının yaradılmasını təklif edib.

Tədbirdə, həmçinin Azərbaycanın görkəmli iqtisadçısı, dövlət və ictimai-siyasi xadimi, keçmiş maliyyə naziri, Çəmbərək icmasının sədri Əvəz Ələkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru, əməkdar müəllim Cəfər Cəfərov, Azərbaycan teatr, kino və televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Həsənoğlu, eləcə də Azərbaycanın Əməkdar mühəndisi Əli Məmmədov çıxış edərək mövzu ətrafında fikir və təkliflərini səsləndiriblər.

Bütün çıxışçılar Şuranın il ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncağın sonunda yenidən söz alan Şura sədri, akademik Əhliman Əmiraslanov İcmanın fəaliyyətinin bütün istiqamətlər üzrə ölkə başçısının Qərbi Azərbaycan məsələsi ilə bağlı müəyyən etdiyi strateji yol xəritəsinə uyğun qurulduğunu bildirib. O, icma rəhbərliyinin və üzvlərinin yorulmaz fəaliyyətinin əsas məqsədinin öz ata-baba yurdlarına qayıdış hüququnun təmin olunması olduğunu vurğulayıb. Şura sədri Qərbi Azərbaycan İcmasının mətbuat xidmətinin və Qərbi Azərbaycan Televiziyasının fəaliyyətini yüksək qiymətləndirərək, ağsaqqalları televiziya ilə əməkdaşlığı daha da gücləndirməyə çağırıb.

Best coffeeshop in Berlin