Məhəmməd Muradlı kişi şahmatçılar arasında Azərbaycan çempionu olub
"Landmark" Biznes Mərkəzində kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında kişilərin yarışına yekun vurulub. Yarışın qalibi adını isə həlledici finalda ölkənin bir nömrəli şahmatçısı Şəhriyar Məmmədyarovu (2727) iki oyunun ümumi nəticəsinə görə məğlub edən Məhəmməd Muradlı (2581) qazanıb - 1,5:0,5. Xatırladaq ki, çempionatın reytinq favoriti olan Şəhriyar Məmmədyarov ötən il olduğu kimi, bu il də finalda büdrəyərək ikinci yeri tutub. Yeri gəlmişkən, o, ötən il finalda Rauf Məmmədova uduzmuşdu.
Kişilərin yarışında üçüncü yeri isə iki oyunda dalbadal Read Səmədov (2510) üzərində qələbə qazanan Aydın Süleymanlı (2628) tutub.
Eyni məkanda keçirilən qadınların analoji yarışında isə qalib və mükafatçılar hələ müəyyənləşməyib. Final seriyasında ilk oyunda Ayan Allahverdiyevaya (2196) qalib gələn reytinq favorit Ülviyyə Fətəliyeva (2434, o, həm də Avropa çempionudur) cavab matçında məğlub olduğu üçün hesab bərabərləşib - 1:1. Cütlük qalibi aşkar etmək üçün fevralın 22-də mübarizəni tay-brekdə davam edəcək.
Qadınların yarışında üçüncü yerin sahibi də müəyyənləşməyib. İlk iki oyundan sonra Türkan Məmmədyarovla (2216) Gülnar Məmmədova (2330) arasındakı oyun
1:1 olub. Üçüncü yerin sahibi 22 fevralda baş tutacaq tay-brekdən sonra bəlli olacaq.
İNTİQAM Məmmədov


