Məmməd Əvəzoğlu:
İranpərəstlərə
44 günlük Vətən muharibəsi vaxtı bir məqalə yazmışdım "İran bizdən nə istəyir?". Fb-da paylaşdığım o məqalə mənə bu ölkənin dostlarının və düşmənlərinin az bir hissəsini tanıtdırdı.Bir ruhani məxluq məqalənin rəy hissəsində açıq şəkildə yazmışdı:
- Məmməd müəllim, mən sizi ağıllı adam bilirdim.
Mən də cavabında yazdım:
- Mən də elə bilirdim ki, sizin əliniz bu xalqın cibindədir, sən demə həm də İranın cibində imiş!
Bu əhvalatdan sonra bir dəfə rastlaşmışıq. Hər dəfə görüşüb qucaqlaşardıq, bu dəfə uzaqdan-uzağa bir-birimizə düşməncəsinə baxıb uzaqlaşdıq. "Düşməncəsinə", bəli. Çünkü mən bu ölkədə yaşayıb, yad ölkənin dəyirmanına su tökənlərə vətən xaini kimi baxıram!
Boradigahın köhnə bazar məhəlləsində bir tanınmış ziyalı tacir,həm də seyid mənə yaxınlaşa-yaxınlaşa camaat eşitsin deyə ucadan dedi:
- Məmməd müəllim, sən seyidlərə ilişirsən!
Dedim:
- Hansı seyidə?
Dedi:
-Xamneyi ağaya...
Belələri ilə mübahisə eləməyə dəyməz, amma mən elədim və o mübahisə indi də davam edir.
Allah sənə rəhmət eləsin, Qəmlo kişi.Nə yaxşı demisən:
- Bunların başdarını elə doldurublar ki, güllələməsən əmələ gələn deyil!
("Axırıncı aşırım")
Gör nə bədbəxt millətik ki, qaniçənin, başkəsənin birinə ağız dolusu "ağa" deyirik!(Mən burda yalnız İran rejiminin aşiqlərini nəzərdə tuturam).
Bu siyahını uzada bilərəm, məncə kifayət edər. Bir dəfə Təbrizdə məşhur Qarı körpüsündə əlimdəki balaca kamera ilə nəsə çəkirdim. Körpüdən keçən bir cavan oğlan yanımda dayandı və yanıqlı səslə dedi:
-Qardaş, sən bizim ürəyimizin yaralarını çək, bizim dərdlərimizi çək...
Onun sözləri mənə elə təsir eləyib ki, bəlkə də hər gün o cavan oğlan gözümün qabağına gəlir. İran ordusunun bir hissəsi Xudafərini keçib bu tərəfdə qoşunlarımızın hücumuna mane olanda, bizə ürəyi yanan kütlə Arazın o tayında Azərbaycan ordusunun qələbəsini alqışlayır və sevincdən ağlayırdı.
Bu mövzuya çox da aid olmasa da, bir əhvalat yadıma düşdü. Bir dəfə yoldaşımla qərara aldıq ki, Savalan dağına çıxaq. Qotur su deyilən yerdə dağa dırmaşan maşınlara minməli idik. Dayanacaqda bir maşın var idi. Sürücü, biri fars tərcüməçi olmaqla, altı nəfərlə mübahisə edirdi, deyəsən qiymətdə razılığa gələ bilmirdilər. Birdən sürücü arxaya çevrildi və bizi gördü. Elə bil ən əziz adamlarını gördü. Soruşdu ki, Azərisiz. Dedik bəli. Dedi gəlin, sizi aparacam. Mən təəccüblə dedim:
-Baba, biz iki nəfərik.Sənə cəmi 120 tümən verərik. Onlar altı nəfərdirlər, sənə 360 tümən verəcəklər. Sən niyə...deyəndə sürücü sözümü ağzımda qoyub dedi:
-Hacı ağa, cəhənnəm olsun fransızlar da, onların pulları da! Mən öz Azərilərimi pula satmalıyam!? Sizi Pənaqaha aparacam, orda neçə saat desəniz, gözləyəcəm və sizi yenə bura gətirəcəm.Amma pul almayacam. Belə də elədi.Amma ona zorla da olsa, bir az pul verə bildim.
Avqust ayı idi.Pənahgahda balaca bir dükana girdim ki, su alım.Bir saqqallı oğlan məni gülər üzlə qarşıladı və dedi:
- Azəri qardaşlarıma canım da qurbandlr! Nə istəyirsiz götürün. Sizdən pul almayacaq. Sizdə cəng olanda üç dəfə mərzi keçmək istədim ki, sizə köməyə gəlim, İran sərbazları məni tutdular və türməyə saldılar...
Belə qürurverci hallarla o tayda çox rastlaşmışam.Əlbəttə, hər yerin ysxşısı da var, pisi də. Farslarla da səmimi münasibətdə çox olmuşam. Nəmin dağlarında yaşıl çəmənlikdə oturub maraqlı söhbətlər eləmişik, şəkillər çəkdirmişik. Tapsam, birini sizə təqdim edərəm.
Xülasə, bunları yazmaqda məqsədim odur ki, mənim heç bir xalqa qarşı nifrətim yoxdur(erməniləri çıxmaq şərti ilə).Mənim nifrətim yalnız xalqın qanını tökən, xalqın sərvətini mənimsəyib xaricdə özləri üçün, min ildən sonra gələcək nəsilləri üçün bəxtəvər şərait quranlara qarşıdır!
Bir də ki, düyanın bütün ağıllı insanları bilirlər ki, İrandakı rejim İslama qulluq eləmir. Bəs onda bizim İranpərəstlər hansı mənsəbə qulluq edirlər???
Bu sualın cavabını biləni və yazanı alqışlayıram!
Məmməd Əvəzoğlu.28.02.2026.


