"Mançester Siti" mövsümün ilk titulunu qazanıb
İngiltərədə 2025/26-cı illər mövsümünün Liqa Kubokuna martın 22-də Londondakı "Uembli" stadionunda baş tutan həlledici final matçı ilə yekun vurulub. Finalda İngiltərə premyer liqasında 31 turdan sonra 70 xalla turnir cədvəlinə vahid liderlik edən "Arsenal"la cədvəldə onun ən yaxın izləyicisi olan (30 oyun, 61 xal, 2-ci yer) "Mançester Siti" qarşılaşıb. Görüş "Siti" nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolun müəllifi "şəhərlilərin" heyətində Niko O'Rayli olub. Bununla da "Mançester Siti" mövsümün ilk titulunu və tarixində 9-cu dəfə Liqa Kubokunu qazanıb. Yeri gəlmişkən, Liqa Kubokunda rekord hələ də "Liverpul"a məxsusdur (10 dəfə). Maraqlıdır ki, "Arsenal" sözügedən turnirdə 9 dəfə finalçı olsa da Kuboku cəmi iki dəfə başı üzərinə qaldıra bilib. Bir məqamı da qeyd edək ki, "Mançester Siti" 2023-cü ilin aprelindən bəri "Arsenal"la qarşılaşmada ilk dəfə qalib gəlib. "Topçular"in aktivində isə 3 qələbə və 3 heç-heçə var.
İNTİQAM Məmmədov


