PKK İrana qarşı vuruşsa, hərbi cavab veriləcək - Türkiyə
Türkiyə İrana qarşı hərbi əməliyyatlarda kürd qruplaşmalarından istifadə olunacağı təqdirdə ciddi hərbi tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.
AZpress.AZ "Türkiye" qəzetinə istinadən xəbər verir ki, İsrail "Mossad" kəşfiyyatı vasitəsilə PKK və PJAK terrorçularını İrana qarşı quru döyüşlərinə cəlb etməyə çalışır.
"Türkiyə bu planlardan xəbər tutan kimi dərhal hərəkətə keçib və ABŞ, İraq, eləcə də kürd birləşmələrini məlumatlandırıb.Məsələ martın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Donald Tramp arasında telefonla müzakirə edilib. Ərdoğan kürd qruplaşmalarının bu müharibədə iştirakına qəti etirazını bildirib. Kürd təşkilatlarına isə çatdırılıb ki, müharibəyə qoşulsalar, Türkiyə, Suriyada olduğu kimi, onlara dərhal zərbə endirəcək",- məlumatda qeyd edilib.
Hazırda Türkiyə XİN və Milli Kəşfiyyat Təşkilatı (MİT) Bağdad və İraq Kürdistanı ilə intensiv danışıqlar aparır. Türkiyə rəsmiləri Şimali İraqa səfər edərək Ankaranın hərbi cavab verməyə hazır olduğunu tərəflərə bəyan ediblər.
Həmçinin bildirilib ki, PKK lideri Abdullah Öcalan da prosesə cəlb olunub. O, təşkilata mesaj göndərərək İranın daxili işlərinə qarışmamağa və "İsrailin tələsinə düşməməyə" çağırıb.


