Sevinc ƏDALƏTQIZI:
Azərbaycan kinosunun Üzeyir Hacıbəylisi - Hüseynağa Atakişiyev
(Vəfatının 20-ci ildönümü münasibətilə)
Azərbaycan teatr və kino sənətində özünəməxsus dəsti-xətti ilə seçilən
sənətkarlardan biri də Hüseynağa Atakişiyevdir. O, yaddaşlarda daha çox dərin
və mənalı baxışları, səssiz ifadə tərzi ilə yaşayan nadir aktyorlardandır. Onun
yaratdığı obrazlar təkcə səhnədə deyil, tamaşaçı qəlbində də dərin iz
buraxmışdır.
Hüseynağa Atakişiyev 1949-cu il sentyabrın 8-də Bakının Çəmbərəkənd
məhəlləsində, sadə və zəhmətkeş bir ailədə dünyaya göz açıb. Uşaqlıq illəri
çətin keçib. Altı yaşında anasını itirməsi onun həyatında silinməz iz buraxıb.
Erkən yaşlarından həyatın ağırlığını hiss edən gələcək sənətkar 12–13
yaşlarından işləməyə məcbur olsa da, təhsilini yarımçıq qoymayıb. O, Mirzəağa
Əliyev adına İncəsənət İnstitutuna daxil olaraq görkəmli pedaqoq Mehdi
Məmmədovdan aktyor sənətinin incəliklərini öyrənib.
Hüseynağa Atakişiyevin səhnə fəaliyyəti Şəki Dövlət Dram Teatrından
başlayıb. Burada həm aktyor, həm də rejissor kimi çalışaraq ilk uğurlarını
qazanıb. “Hacı Qara” tamaşası onun ilk rejissor işi kimi diqqət çəkib. Daha
sonra Bakıya dəvət alan sənətkar Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında fəaliyyət göstərsə də, yaradıcılıq axtarışlarına sadiq qalaraq 1989-cu
ildə özünün Gənclər Teatrını yaradıb və ömrünün sonuna qədər bu teatra
rəhbərlik edib. Gənclər Teatrı yarandığı dövrdə xüsusi bina ilə təmin
olunmamış, Azərbaycan Teatr Xadimləri İttifaqının binasında fəaliyyət
göstərmişdir. Bu isə teatrın imkanlarını məhdudlaşdırsa da, onun yaradıcı
mühitinə təsir etməmiş, əksinə, gənc aktyorların formalaşmasına zəmin
yaratmışdır.
Onu da qeyd etmək lazımdır ki, yeni nəsil gənc aktyorların yetişməsində
Hüseynağa Atakişiyev tərəfindən yaradılan bu teatrın böyük rolu olmuşdur.
Hüseynağa müəllim rejissor kimi 150-dən çox tamaşaya quruluş versə də,
aktyor kimi yaratdığı obrazlar içərisində xüsusilə Üzeyir Hacıbəyli obrazına
gətirdiyi özünəməxsus yanaşma ilə yadda qalmış sənətkardır.
Görkəmli mədəniyyət xadimi Hüseynağa Atakişiyevi mən ilk dəfə 1981-ci
ildə ərsəyə gəlmiş məşhur “Üzeyir ömrü” filmində Üzeyir Hacıbəyli rolunda
tanımışam. Məhz bu rolu ilə ona bir sənətkar kimi böyük rəğbət bəsləmişəm.
Hüseynağa Atakişiyevin yaratdığı Üzeyir Hacıbəyli obrazı da tamaşaçılar
tərəfindən böyük rəğbətlə qarşılanan yaddaqalan obrazlardandır. Filmdə bu
obraz xarakter etibarilə daxili aləminin zənginliyi ilə seçilir.
Hüseynağa müəllimi fərqləndirən əsas xüsusiyyətlərdən biri obrazı yalnız sözlə
deyil, daha çox baxışları ilə ifadə etməsi idi. Onun səssiz, lakin dərin mənalı
baxışları ifa etdiyi hər rola xüsusi ruh qatırdı. Bu xüsusiyyət Üzeyir Hacıbəyli
rolunda da özünü aydın şəkildə göstərirdi. Bu obrazda söz və danışıqdan çox
daxili sənət tapıntılarının ifadəsi daha aydın nəzərə çarpır. Yəni burada
vurğulamaq istədiyim odur ki, bu rolun daxili xarakteristikasında Atakişiyevin
ifa tərzi — səsi, baxışları və ümumi təqdimat üslubu ilə ifadə olunur. Üzeyir
Hacıbəyli obrazı alicənab, xeyirxah, köməksevər, sakit təbiətli və yaradıcı bir
insan kimi təqdim edilir. Bu xüsusiyyətlər onun xarakterini bütövlükdə açır.
Məsələn, onun xəfif təbəssümü, anlayış göstərməsi, xüsusən də yaradıcılıq
prosesini və musiqi ilə bağlı səhnələrdə təqdim edilən məqamlar obrazın daxili
aləmini daha aydın şəkildə göstərir.
Düşünürəm ki, bu bioqrafik rol Hüseynağa Atakişiyev yaradıcılığının zirvəsi,
əsl şedevridir. Bu obraz təkcə sənət baxımından deyil, həm də onun daxili
dünyası və xarakteri ilə səsləşir.
Yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında
1993-cü ildə ekranlaşdırılmış “Ac həriflər” televiziya tamaşasında Hüseynağa
müəllimin yaratdığı — Hüseyn Ərəblinskinin həmkarı obrazı da olduqca
maraqlı və yaddaqalandır. Bu tamaşadakı artist rolu o zamankı “Nicat”
cəmiyyətinin təşkil etdiyi aktyor truppasında fəaliyyət göstərmiş sənətkarlardan
birinin prototipidir. Əslində bu obraz Hüseyn Ərəblinskinin yaxın həmkarı
Əbülfət Vəlinin obrazıdır. Əbdürrəhim bəy Haqverdiyev bu əsərdə acı ironiya
ilə o dövr artistlərinin ağır, yoxsulluq içində keçən həyatını qələmə alır. Onun
qələmində artistlər bəzən müftəxor kimi göstərilsə də, əslində onlar dövrün
əzablı və keşməkeşli həyatının canlı simalarıdır. Yazıçı bu obrazları yumor hissi
ilə hədəfə alaraq, istehza ilə təqdim edir, eyni zamanda həm güldürür, həm də
düşündürür.
1996-cı ildə çəkilmiş “Ömürdən uzun gecə” bədii televiziya filmində
Hüseynağa Atakişiyevin yaratdığı Təvəkkül obrazı da onun aktyor kimi
xarakterik xüsusiyyətlərini aydın şəkildə əks etdirir. Aktyorun ifasında bu obraz
səssiz, lakin dərin və mənalı baxışlarla, güclü daxili yaşantı ilə təqdim olunur.
Təvəkkül obrazı hər hansı bir vəzifə kürsüsündə əyləşmiş, gündəlik işləri ilə
məşğul olub həyatın əsas dəyərlərini arxa plana keçirən bir insanın xarakterini
ifadə edir. O, qoca və xəstə atasını ziyarət etməyə vaxt tapmayan, işinə və şəxsi
məşğuliyyətlərinə daha çox önəm verən bir şəxsdir. Təvəkkülün işinə çox vaxt
ayırması, ailə münasibətlərini arxa plana keçirməsi onun yaxınları ilə arasında
soyuqluq və məsafə yaradır. Xüsusilə ata ilə münasibətlərdə bu məsafə daha
qabarıq görünür və yaşlı, xəstə valideynin diqqət və qayğıya ehtiyacı olduğu
halda, bu ehtiyacın qarşılanmaması ailə daxilində inciklik və mənəvi boşluq
yaradır. Lakin atasının ömrünün son anlarında onu ziyarətə çatmağa çalışsa da,
gecikir və atasını artıq dünyasını dəyişdikdən sonra tapır. Bu gecikmə onun
daxilində dərin peşmançılıq və mənəvi sarsıntı yaradır. Təvəkkül obrazının ən
güclü tərəfi də məhz bu daxili ziddiyyətlərin, peşmanlığın və sükut içində
yaşanan emosiyaların tamaşaçıya çatdırılmasıdır. O, həyatında hər şeyə gecikən,
zamanında qərar verə bilməyən və nəticədə bu gecikmələrin acısını yaşayan bir
xarakter kimi yadda qalır.
Həmçinin 1997-ci ildə ekranlaşdırılmış “Fatehlərin divanı” çoxseriyalı bədii
televiziya filminin 4-cü bölümündə Hüseynağa müəllimin canlandırdığı
Yıldırım Bəyazid obrazı sərkərdə duruşunun qətiyyətli təcəssümü kimi tamaşaçı
rəğbətini qazanmışdır.
Orta məktəbin son sinfində oxuyarkən, dərsdən çıxıb evə qayıdan zaman onu
tez-tez Azərbaycan Teatr Xadimləri İttifaqının binasının qarşısında əyləşmiş
görərdim. Həmişə yolumu oradan salardım ki, kinomuzun “Üzeyir bəy”ini bir
anlıq da olsa görüm. Ona olan bu sonsuz rəğbət və vurğunluq hissini məndə,
əlbəttə ki, dahi bəstəkarımız Üzeyir Hacıbəyli yaratmışdı.
Hüseynağa müəllimdən görüşüb müsahibə götürmək arzularımdan biri
olmuşdu, lakin tale mənə bu fürsəti nəsib etmədi. 2006-ci ilin 9 aprelində
dəyərli sənətkarımız Hüseynağa Atakişiyevin vəfatı xəbərini eşidəndə
sarsıldım və baş tutmayan o yaradıcı görüş üçün hədsiz təəssüflə, acı-
acı göz yaşları tökdüm. Sanki bir daha Üzeyir Hacıbəylini yenidən itirdik
deyə düşündüm. Hüseynağa müəllim yaddaşıma məhz bu obrazla həkk olunsa
da, qəlbimdə daim işıqlı və solmaz xatirə kimi yaşayır — mülayim, sakit
təbiətli, dərin düşüncəli bir şəxsiyyət olaraq. Çox təəssüf ki, o, həyatdan erkən
köçdü. Əgər yaşasaydı, neçə-neçə yeni tamaşalara quruluş verər, bədii ekran
əsərlərində yeni, unudulmaz obrazlar yaradardı.
Azərbaycan teatr və kino mühitində hər kəsin yaxşı insan kimi tanıyıb
xatırladığı Hüseynağa Atakişiyev öz fərqli yaradıcılıq baxışları və üslubu ilə
yaddaşlarda bu gün də yaşayır. O, öz yüksək mədəni və insani keyfiyyətləri ilə
onu sevənlərin və tamaşaçıların qəlbində silinməz iz buraxmışdır. Hüseynağa
Atakişiyevin əziz xatirəsi Azərbaycan teatr və kino sənətində daim ehtiramla
anılacaqdır.
Möhtərəm sənətkarımızın ruhu şad olsun!
Sevinc ƏDALƏTQIZI


