Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nicat Abbasov AÇ-də liderliyə yüksəlib

Polşanın Katovitse şəhərində kişi şahmatçılar arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı şəxsi Avropa çempionatı davam edir. İsveçrə sistemi üzrə keçirilməklə, 11 turdan ibarət olan və Dünya Kubokuna (ilk 20-lik) seçmə xarakteri daşıyan bu çempionatda 9-cu tura yekun vurulub. Tur Azərbaycan şahmatçısı Nicat Abbasov üçün uğurlu olub. Belə ki, hesabat turunda izrailli Benni Ayzenberqi məğlub edən Abbasov aktivindəki xalların sayını 7,5-ə çatdırıb. Bu isə ona ispaniyalı David Cuharro ilə birlikdə yarış cədvəlinə şərikli liderlik etmək imkanı verib (1-2-ci yerlər). 

Bu gün keçiriləcək 10-cu turda isə Abbasov məhz öz şəriki ilə qarşılaşacaq. Matçın qalibi çempionatın vahid liderinə çevriləcək.

Digər şahmatçılarımıza gəlincə, 7-ci turda liderliyə yüksələn Aydın Süleymanlı hazırda 7 xalla 5-ci, onunla eyni xal ehtiyatına malik olan Məhəmməd Muradlı isə 12-ci pillədə yer alıb.

Reqlamentə görə, çempionatı ilk 20-likdə başa vuran şahmatçılar Dünya Kubokunda iştirak etmək hüququ qazanacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin