Beynəlxalq Mədəni İrs Ustad Məktəbində ənənəvi tekstil, naxış və simvolika mədəniyyəti üzrə tematik qrupun dərsləri keçirilib
20-24 aprel 2026-cı il tarixlərində Bakı şəhəri Yasamal rayonunda yerləşən Zərgərpalan hamamında Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan dərs proqramlarından biri - “Ənənəvi tekstil, naxış və simvolika mədəniyyəti” tematik qrupu üzrə təlimlər keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub.
Beş gün davam edən və ümumilikdə 20 saatlıq tədrisi əhatə edən proqram layihə əsaslı öyrənmə (Project-Based Learning - PBL) metodologiyası əsasında təşkil olunub. Tədris proqramı çərçivəsində iştirakçılar Azərbaycanın ənənəvi tekstil sənətinin əsas istiqamətləri – xalçaçılıq, kəlağayı sənəti və ipəkçilik (baramaçılıq) üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Proqramın əsas məqsədi qeyri-maddi mədəni irs anlayışının tekstil sənəti kontekstində mənimsənilməsi, xalçaçılıq, kəlağayı və ipəkçilik ənənələrinin tarixi və estetik xüsusiyyətlərinin öyrənilməsi, tekstil sənətində naxışların və rənglərin simvolik məzmununun təhlili, eləcə də ənənəvi toxuculuq texnologiyalarının əsas prinsiplərinin tətbiqi şəkildə mənimsənilməsi olub. Təlimin əsas tədqiqat sualı isə Azərbaycanın ənənəvi tekstil sənəti və naxış sisteminin müasir dövrdə qorunması və davam etdirilməsi yollarına yönəlib.
Proqramın ilk günü - 20 aprel tarixində qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova tərəfindən aparılıb. Daha sonra Prof.Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) qeyri-maddi mədəni irs anlayışı haqqında məruzə ilə çıxış edib. Dr. Fariz Xəlilli (AMEA Arxeologiya və Antropologiya İnstitutu) isə “Arxeoloji tədqiqatlarda tekstil nümunələri” mövzusunda təqdimat edib.
21 aprel tarixində keçirilən ikinci modul Azərbaycan xalçaçılıq sənətinə həsr olunub. Prof.Dr. Kübra Əliyeva (AMEA Arxeologiya və Antropologiya İnstitutu) xalçaçılığın tarixi və xalça məktəbləri haqqında məruzə ilə çıxış edib. Praktiki hissədə xalçaçı-rəssam Fəxriyyə Naxış tərəfindən xalça toxuma texnikaları üzrə ustad dərsi keçirilib və iştirakçılar kiçik toxuma çərçivəsində sınaq işləri yerinə yetiriblər.
22 aprel tarixində keçirilən üçüncü modul kəlağayı sənətinə həsr edilib. Röya Talıblı və Məlahət Talıbova (Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu) kəlağayının tarixi və qadın mədəniyyətində rolu haqqında məlumat veriblər. Həmçinin, kəlağayının hazırlanması, naxışların vurulması texnikası və kəlağayının boyanması üzrə ustad dərsi keçilmişdir. Sulidə Rüstəmova (67 nömrəli tam orta məktəb) kəlağayının əhəmiyyəti, onun xalq ənənələrində və ədəbiyyatda yeri mövzusunda çıxış edib, həmçinin məktəb şagirdlərindən ibarət folklor qrupunun ifasında kəlağayı mövzusuna həsr olunmuş müxtəlif kompozisiyalar təqdim olunub. Vüqar Quliyev (“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu) tərəfindən qəliblə naxış vurma texnikası üzrə ustad dərsi keçirilib. Praktiki məşğələlərdə iştirakçılar sadə naxış dizaynı hazırlamış, qəliblə naxış vurma və kəlağayının bağlanma üsullarını öyrəniblər.
23 aprel tarixində keçirilən dördüncü modul baramaçılıq və ənənəvi ipək istehsalına həsr olunub. Dos.Dr. Gülzadə Abdulova (Alaca Milli Geyim Evi) baramaçılığın tarixi, kənd məişətində rolu və ipək istehsalının texnologiyası haqqında məruzə ilə çıxış edib. Praktiki hissədə baramadan ip çıxarılması və ipək lifinin hazırlanması prosesi nümayiş etdirilib.
24 aprel tarixində keçirilən yekun modul çərçivəsində mövzular üzrə ümumiləşdirmə və interaktiv müzakirələr aparılıb. Xalça, kəlağayı və ipək sənətləri arasında texniki, estetik və simvolik əlaqələr təhlil olunub. İştirakçılar öz mini tekstil və ornament dizaynlarını təqdim edərək iş prosesini və simvolik məzmununu izah ediblər.
İştirakçıların layihələri elmi əsaslandırma, texniki icra, estetik quruluş, yaradıcılıq yanaşması və təqdimat bacarıqları üzrə qiymətləndirilib. Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyıb.
Proqramın sonunda iştirakçılar Azərbaycan tekstil mədəniyyətinin əsas xüsusiyyətlərini izah etmək, naxış və ornamentlərin simvolikasını şərh etmək, həmçinin ənənəvi toxuculuq və dizayn prinsiplərini tətbiq etmək kimi mühüm bilik və bacarıqlar əldə ediblər.


