Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə maraqlı ədəbi nümunələr təqdim edilir, şair və yazıçıların həyat və yaradıcılıqları haqqında məlumatlar verilir. Növbəti dəfə nəğməkar-şair, yazıçı Rəfiq Zəkanın şeirlərindən nümunələr təqdim olunur.
Yazıçı, şair, ssenarist, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Rəfiq Zəka Xəndan oğlu Hacıyev 16 iyun 1939-cu ildə Bakıda anadan olmuşdur. O, XX əsr Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi Cəfər Xəndanın oğludur. Rəfiq Zəka əsərlərinin mövzusunu və qayəsini türkçülük, Vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edir.
Ey Zəka, millətimin mən quluyam,
Millətimin qayğılarıyla doluyam.
Nə qədər bizlər üçün duyğuluyam,
O qədər yadlar üçün qorxuluyam, – deyən Rəfiq Zəka şeirlərində, çıxışlarında hər zaman millətinin, Vətəninin təəssübünü dilə gətirirdi. Klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, Türkiyə türkcəsini dərindən bilən Rəfiq Zəka Xəndan yüzlərlə kiçik və böyük əsərlər müəllifidir.
Yaşadar könlünü ilham, qarışar şeirə başı,
Yaşayar şair olan kəslər, öləndən sonra!
Yaşayar xatirələrdə ulularla yanaşı,
Ruhu, vicdanı müqəddəslər, öləndən sonra.
Rəfiq Zəka bu gün yaşamırmı? Bu gün onun yazdığı şeirlərin sözlərinə bəstələnən mahnılar səslənirsə, sevilərək dinlənilirsə, nəğməkar-şair Rəfiq Zəka yaşayır demək. “Dəli Kür” filminin sountreki olan “Ana Kür” şeirini Azərbaycanda bilməyən yoxdur. Kiçik mətni olan şeirin məğzi çox böyükdür. Ana Kür dedikdə sanki o, başlanğıcını Türkiyədən başlayıb, Gürcüstanın hüdudlarını aşıb Azərbaycanda özünü Xəzərə çatdıran Kürə deyil, əsrlər, qərinələr boyu axıb gələn, keçmişin və bugünün aynası olan bir tarixlə dərdləşir.
Rəfiq Zəkanın sözlərinə yazılmış çox sayda nəğmələr: Elza İbrahimovanın “Qurban verərdim”, Firəngiz Babayevanın “Bəxtimin ulduzu”, “Sevinc”, “Canım Araz”, “Gəl səhərim”, “Gözlərə inan”, C.Cahangirovun “Qarabağ”, “Ana Kür”, E.Sabitoğlunun “Bura Qafqazdır”, T.Hacıyevin “Gül, gözəlim, gül”, “Könlümün yadigarı” və s. mahnıları indi də populyardır, onlar dillərdə əzbər olub. “Axırı yaxşı olar”, “Mənim əziz vəhşiciyim” komediyalarının, “Fizuli” və “Söyüdlər ağlamaz” operalarının mətnlərini Rəfiq Zəka yazmışdır.
Çox təsirli şeirlərindən biri olan “Qurban verərdim” şeirinin ruhunu gözəl bəstəkarımız Elza İbrahimova tanqo üslubunda yazmışdır. Mahnı o dövrün qadağalarına tuş gələrək, insanlar tərəfindən o qədər sevildi ki, onun qarşısını alınmağa çalışsalar da bu gün də səslənir və sevilir. Sevgi uğruna müraciətində şair bu məhəbbətin çətinliklərinə qarşı:
Ömrünü, gününü dərd eyləsəydin,
Ömrümü, günümü dərman verərdim, – deyə bu yolda hər kəsi mətin olmağa çağırır və özü nümunə göstərir. Hətta düşüncələrinin keşmiş günlərə qayıdışın mümkün olmamasına rəğmən
O çağlar necə də mənə haydılar,
Könlümə, gözümə şəfəq yaydılar, – deyərək nakam məhəbbətin hissləriylə gələn günlərini keçmiş günlərini bir daha yaşamaqdan ötrü qurban verməyə hazır olduğunu deyir.
Rəfiq Zəka dünyasına baş vurmaq üçün onun şeirini oxumaq kitabsevərlərə tövsiyə olunur.
Yazıçı Şahzadə İldırımın təqdim etdiyi videoçarxda yazıçının səsləndirdiyi “Qurban verərdim” şeirindən parça, Xalq artisti Gülağa Məmmədovun və Beynəlxalq müsabiqələr laureatı Maya Cəbrayılovanın ifasında şairin sözlərinə yazılmış “Ana Kür” və populyar müğənni Akif İslamzadənin ifasında “Qurban verərdim” mahnıları təqdim olunur.
Videoçarx aşağıdakı keçiddə verilib:
https://youtu.be/603lGH8iNt0


