17 yaşlı güləşçimiz Xədicə Qurbanzadə AÇ-nin finalına yüksəlib
Bolqarıstanın Samokov şəhərində 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən və azərbaycanlı güləşçilərin də qatıldığı Avropa çempionatı davam edir. Çempionatın dünənə təsadüf edən üçüncü günü zərif cinsdən olan idmançılar döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılıblar. Həmin gün üç təmsilçimiz döşək üzərinə çıxıb ki, onlardan da yalnız biri - 49 kq çəki dərəcəsində çıxış edən Xədicə Qurbanzadə inamla güləşərək finala yüksəlib. Ən azından çempionatın gümüş medalını özünə təmin edən Qurbanzadə bu gün həlledici finalda ukraynalı Olena Kolubayla üzləşəcək.
Təəssüflər olsun ki, Qurbanzadə ilə eyni gündə mübarizəyə qatılan komanda yoldaşları - Məryəm Əmrəli (57 kq) və Nuray Həsənli (65 kq) elə startdaca büdrəyərək cempionatla erkən və əliboş vidalaşıb.
İNTİQAM Məmmədov


