Namiq Abdullayev: "Güləşçilərimiz dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar"
27 iyul - 2 avqust günlərində paytax Bakıdakı Milli Gimnastika Arenasında (MGA) 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə dünya çempionatı keçiriləcək. Bu gün sözügedən çempionatla bağlı həmin məkanda Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyinin və idmançıların media nümayəndələri ilə görüşü keçirilib və eləcə də mundialda ölkəmizi təmsil edəcək güləşçilərin adları açıqlanıb.
Görüş zamanı AZpress.AZ-ın əməkdaşı AGF-nin vitse-prezidenti və Sidney Olimpiadasının qalibi Namiq Abdullayevlə görüşüb və qarşıdakı mundialla bağlı ona bir neçə sual ünvanlayıb.
"Bu çox məsul bir yarışdı. Həm də biz ev sahibi olduğumuza görə bizim üçün ikiqat məsuliyyətlidir. Çünki, güləşçilərimiz doğma divarlar arasında, doğma publika qarşısında çıxış edəcəklər. Bu heç də asan deyil. Amma onu da deyə bilərəm ki, uşaqlar bu yarışa çox yüksək səviyyədə hazırlaşıblar. Hər kəs də yarışın məsuliyyətini yaxşı dərk edir. Uşaqların bu mötəbər yarışda uğurla çıxış etmələri üçün AGF hər cür şərait yarad. Məhz bu yarışa hazırlıqla bağlı həm ölkəmizdə, həm də xaricdə çoxlu sayda təlim-məşq toplanışları (TMT) təşkil edilib. Hazırda isə, gördüyünüz kimi, bu gün Bakıda güləşçilərimizin Bolqarıstan, Polşa, Finlandiya və Serbiya idmançıları ilə birgə təlim-məşq toplanışı keçirilir" - deyən vitse-prezidenti bildirdi ki, hazırlıq prosesi istənilən səviyyədə keçib. İndi isə güləşçilərimizin gözəl nəticələr vermək zamanı çatıb.
"İnanıram ki, bu çempionatda uğurlarımız çox olacaq. Burda gördüyünüz uşaqların sayəsində himnimiz səslənəcək, bayrağımız yüksələcək. DÇ-da iştirak edəcək komandalarımızın heyətində çoxlu sayda Avropa çempionatının qalibi və mükafatçıları var. Yəqin ki, həmin güləşçilər bu yarışda da inamla güləşərək öz sözlərini deyəcəklər" - Namiq Abdullayev belə dryib.
Azərbaycanın ev sahibliyi edəcəyi bu çempionatda həm iştirakçı ölkələrin, həm də iştirakçı ifmançıların son 20 ildə rekord saya çatdığını bildirən vitse-prezidenti yarışda Ermənistan təmsilçilərinin də iştirak edəcəyini bildirib. Onun sözlərinə görə ermənilər çempionatda yalnız sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda təmsil olunacaqlar.


