BƏYBALA MİRZƏ:
Qlobal alverçilər
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin Kremldə Rusiya lideri Vladimir Putin ilə 3 saat 10 dəqiqə davam edən növbəti danışıqları nə ilə nəticələndi?
Heç nə ilə!
Onlar Rusiya-Ukrayna münaqişəsinin mümkün həlli yolları ilə bağlı bir sıra təkliflər səsləndirsələr də, lakin Putin isə Donald Trampın xüsusi nümayəndələrinə yenə eyni "nağıl"ları danışdı və bildirdi ki, Rusiya Ukraynaya qarşı müharibənin bütün məqsədlərinə nail olmaq niyyətindədir.
Stiv Vitkoff və Jared Kuşnerlə görüşdə Putin rus qoşunlarının “uğurla irəlilədiyini" elan etdi və həmçinin “münaqişənin ilkin əsas səbəbləri"ni aradan qaldırmağın zəruriliyini bir daha bəyan etdi.
Beləliklə, bir daha aydın oldu ki, Putin hələ də dayanmağa və geri çəkilməyə hazır deyil. Əksinə, o, əvvəlki kimi yenə Donetsk vilayətinin qalan hissəsinin də ələ keçirilməsini başa çatdıracaqlarını gözləyir. Və Kremldəki sarsaq qoca hətta buna ilin sonuna qədər nail olacağına inanır.
Əsl həqiqətdə isə, Vitkof və Kuşnerin Moskvaya səfəri peşəkar diplomatların yox, iki rieltorun və ya iki developerin, işbazın səfəri idi. Putin də bu amerikalı qonaqlara həm yaxşı qonaqlıq verdi, həm də onların vasitəçiliyi ilə Trampla geosiyasi, geoiqtisadi sövdələşmələri davam etdirdi.
Buna qlobal alver də demək mümkündür.
Çünki masada silah ticarətindən və nadir metalların birgə tədarükündən tutmuş, dünyanın yenidən bölüşdürülməsinə qədər bir çox vacib məsələlər var.
Bəli, bəli, Ukrayna müharibəsi ukraynalılar üçün böyük faciə olsa da, lakin ABŞ, Rusiya, Avropa İttifaqı və Çindən tutmuş İrana və hətta cırtdan Ermənistana qədər, dünyanın bir çox ölkələri üçün bu müharibə real qazanc mənbəyidir.
Necə deyərlər, Ukrayna və ukraynalıların başı üzərindən hər kəs öz maraqlarını reallaşdırmağa çalışır.
Və bu da azmış kimi, hələ üstəgəl ukraynalıları ərazi güzəştlərinə də məcbur etmək istəyirlər.
Ancaq bu ideya tamamilə absurddur. Ukraynalılardan dörd il yarımlıq müharibədən sonra böyük itkilərlə ödədikləri torpaqlardan imtina etmələrini tələb etmək, əvəzində heç bir zəmanət olmadan kapitulyasiya tələb etmək həqiqətən də absurddur. Ukraynalılar ən ağır dövrdə - 2022-ci ilin fevralında təslim olmadılarsa, deməli, uzun illər davam edən şiddətli döyüşlərdən sonra indi də təslim olmayacaqlar.
Uitkoff və Kuşner də bunu çox yaxşı bilirlər. Ona görə də onlar da öz oyunlarını oynayırlar. Bu ikili artıq il yarımdır ki, Moskva ilə danışıqlar aparır və hazırda onların diqqəti daha çox Ukraynaya deyil, Rusiya ilə biznesin bərpasına - sanksiyaların aradan qaldırılmasına və Arktikada birgə neft-qaz layihələrinin həyata keçirilməsinə doğru addım kimi müharibənin başa çatmasına yönəlib.
Putinə də bu gün elə məhz bu lazımdır: o, Donbası Ukraynadan qoparmağın və Ukraynanı neytral ölkəyə çevirməyin əvəzində ABŞ-a böyük bir iqtisadi "kökə" verməyi düşünür.
Ona görə də bu gün hətta atəşkəs razılaşması da müharibəni dayandıra bilməz. Çünki Kremlə Donbas regionu yox, bütövlükdə Ukraynanın gələcək taleyinə nəzarət lazımdır: NATO-suz, Avropasız, Qərbsiz.
Putinin bu hesablamalarını, hədəflərini Vitkoff və Kuşner bu gün Kiyevə səfər zamanı Zelenskinin diqqətinə çatdırıblar. Onlar həmişəki kimi yenə də Zelenskini güzəştlərə məcbur etmək istəyirlər.
Lakin Zelenski isə Ukraynanı necə ayaqda saxlamağın mümkün yolları barədə düşünür.
Ukrayna Trampın daşınmaz əmlakı, Donbas isə qolf meydançası deyil.
Ukrayna torpağının hərraca qoyulması, Putinə peşkəş edilməsi şərti ilə bağlanılan "sülh" real sülh olmayacaq, sadəcə olaraq növbəti müharibə üçün avans ödənişi olacaq.
Trampdan fərqli olaraq ukraynalılar başa düşürlər ki, Moskva ilə istənilən razılaşma sadəcə fasilə xarakteri daşıya bilər. Və Rusiya bu fasilədən yararlanıb gələcəkdə növbəti hücümlara başlaya bilər. Növbəti hücumda isə hədəf təkcə Ukrayna yox, Moldova, Baltikyanı ölkələr və Cənubi Qafqaz da ola bilər.
Odur ki, Rusiyanı yalnız zorla, qaba güclə dayandırmaq olar. Kreml gücdən başqa bir dil anlamır. Şər qüvvələri yalnız dəmir yumruqla əzmək və dayandırmaq mümkündür.
Ukrayna da dəmir yumruğa çevrilməlidir.
P.S. Ukraynanın bugünkü durumu Azərbaycanın illər öncəki vəziyyətini xatırladır. ATƏT-in keçmiş Minsk Qrupunun üç həmsədri də eynilə Vitkof-Kuşner ikilisi kimi, məhz ərazisi işğal olunan tərəfi - Azərbaycanı güzəştlərə məcbur etmək üçün tez-tez Bakıya səfər edirdilər. Lakin 44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfərimiz onların bütün bu mənhus planlarını alt-üst etdi. Ukraynaya da dözüm və Qələbə diləyirik!
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



