Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BƏYBALA MİRZƏ:
Molla rejiminin torbasındakı geosiyasi "#pişik"...

İranın molla rejiminin Ermənistanın baş naziri Nikol Paşinyana “Tramp yolu”nun (TRIPP) tikintisi ilə bağlı gözlənilmədən yeni və sərt şərtlər irəli sürməsi nəyin göstəricisidir?
Bu, eyni vaxtda həm İranın bölgədə özbaşınalığının, hegemonluğunun göstəricisidir, həm də ABŞ-ın bölgəyə gəlişindən, onun amerikalıların burada hərbi varlığından qorxduğunun əlamətidir.
Bu hegemonluq və qorxu molla rejiminin sözügedən tələbindən də açıq görünür.
Belə ki, İran hakimiyyəti tələb edib ki, TRIPP layihəsinin təhlükəsizliyini ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri təmin etsin.
"Torbada pişik var" məşhur məsəlimiz, bax, bu yerdə boy göstərir və də lap yerinə düşür.
Əcaba, "Ermənistan ərazisində yerləşən üçüncü ölkə", görəsən, hansı ölkədir?
Əlbəttə ki, Rusiya!
Bəli, heç bir şübhə yeri yoxdur ki, burada məhz Rusiyanın silahlı qüvvələri nəzərdə tutulur. Bu, Rusiyanın rolunu məqsədli şəkildə qabartmaq istəyidir.
Əlbəttə, bu Tehranla Moskvanın öncədən razılaşdırılmış birgə oyunudur. Tehran bununla ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında peyda olmasının qarşısını almağa çalışır.
Molla rejimi bu epizodda bir güllə ilə iki dovşan vurmaq istəyən hiyləgər ovçu obrazında çıxış etmək istəyir. Yəni bir tərəfdən Amerika əsgərlərinin öz sərhədləri yaxınlığında peyda olmasına mane olmaq istəyir, o biri tərəfdən isə hazırda Ermənistanın xarici siyasətinin əsas layihəsi sayılan TRIPP marşrutunun (Zəngəzur dəhlizinin) həyata keçirilməsini daha da çətinləşdirməyə səy göstərir.
İran Cənubi Qafqazda nəqliyyat və təhlükəsizlik arxitekturasında söz sahibi olmaq istəyir. TRIPP kimi layihələr isə bu təsiri azalda bilər. Ona görə də Tehran prosesi mümkün qədər ləngitmək və şərtləri sərtləşdirməklə manevr edir.
İranın bu planı Rusiyaya da sərf edir. Ermənistanı cəzalandırmaq istəyən Rusiya İranın bu təzyiq və tələbini göydəndüşmə hesab edir.
Bir sözlə, Tehran və Moskva həmişəki kimi bu gün də Cənubi Qafqazda sinxron hərəkət edir. Çünki Moskva ilə Tehranın Cənubi Qafqazda maraqları böyük ölçüdə üst-üstə düşür.
Ancaq xoşbəxtlikdən, bu "cütlük" bölgəyə əvvəlki təsir imkanlarını artıq çoxdan itirib. Belə sərt reaksiyalar və tələblər adətən o zaman ortaya çıxır ki, o tələbləri irəli sürən tərəflər öz əvvəlki dominant mövqelərinin zəiflədiyini hiss edir. Yəni Tehran da, Moskva da artıq bu bölgədə əvvəlki qədər sərbəst hərəkət edə bilmədiklərini tam anlayırlar.
P.S. Paşinyanı isə Moskva və Tehranın "məngənə"sindən yalnız Azərbaycan və Türkiyə, ABŞ və Avropa İttifaqı ilə birlikdə xilas edə bilər

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111