Qadın basketol millimiz AK-da
Bu gün Antverpendə (Belçika) 3x3 basketolu üzrə qadınlar arasında Avropa Kubokuna (AK) start veriləcək. Bu mötəbər turnirdə Azərbaycan yığması da iştirak edəcək. ABF-dən verilən məlumata görə, heyəti Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenhauer və Dina Ulyanovadan ibarət olan millimiz turnirin A qrupunda Hollandiya (saat 16:20) və Ukrayna (20:55) millisi ilə qarşılaşacaq. Hər iki oyun bu gün keçiriləcək. Reqlamentə görə, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaq.
Xatırladaq ki, millimiz ötən il analoji turnirdə ikinci yeri tutmaqla gümüş medal qazanıb.
İNTİQAM Məmmədov



