Masallıda yazıçı Nazim Qəribin yubileyi qeyd olunub
Əvvəl layiq oldum bu gözəl ada,
Bir gün əldən gedər, düşəmməz yada.
Gənclik geri dönə, bir də qayıda,
Bizimlə görüşə, mən inanmadım.
O qədər həyata baxanlar gedib,
Gedən qayıtmayıb, atalar deyib.
Sən də bir qonaqsan, ay Nazim Qərib,
Belə bir gedişə mən inanmadım.
Masallıda yazıçı Nazim Qəribin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Oktyabrın 2-də, Rayon Mərkəzi Kitabxanasında təşkil olunan yubiley mərasimində rayonun tanınmış ziyalıları, yazıçı və şairlər, mədəniyyət işçiləri, eləcə də ictimaiyyət nümayəndələri bir araya gəliblər.
Tədbir şəhidlərin və dünyasını dəyişmiş yerli ədiblərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Zamin Məmmədov yubilyarı təbrik edərək onun uzun illər ərzində ədəbiyyat və publisistika sahəsində göstərdiyi fəaliyyətdən danışıb.
Şair-publisist Əlizaman Baxış Nazim Qəribin həyat və yaradıcılığına nəzər salaraq onun ədəbi fəaliyyətinin əsas istiqamətlərindən ətraflı bəhs edib.
Yazıçı və şairlərdən Xanəli Tolış, Allahverdi Bayrami, Camal Lələzoə, Rafiq Məmməd, Tahir Heydərli, Subhan Abasbəyli, Akif Ağayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin əməkdaşı Şahin Məcidov, yubilyarın dostları Soltanağa Cəfərov, Fəxrəddin Talıbzadə, Ələddin Nəzərov, Abdin Musayev və başqaları çıxışlarında Nazim Qəribin yaradıcılıq xüsusiyyətlərindən, onun Masallının mədəni-ədəbi mühitindəki rolundan söz açıblar.
Çıxışlarda yazıçının hekayə, esse, şeir və publisistik yazılarında müşahidə olunan özünəməxsus üslub, mövzu seçimi və bədii ifadə imkanları diqqətə çatdırılıb. Bildirilib ki, uzun illər müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olan Nazim Qərib nəsr sahəsində də öz dəst-xəttini formalaşdırıb.
Natiqlər yubilyarla bağlı xatirələrini bölüşüb, onu 70 illik yubileyi münasibətilə təbrik edərək yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin bədii hissəsində Nazim Qəribin şeirləri, eləcə də ona həsr olunan şeirlər və əsərlərindən bədii parşalar səsləndirilib.
Yubilyara müxtəlif təşkilatların fəxri fərmanları və hədiyyələr təqdim olunub.
Nazim Qərib tədbirin təşkilinə görə minnətdarlığını bildirib, onun yaradıcılığına göstərilən diqqəti yüksək qiymətləndirib və iştirakçılara təşəkkürünü çatdırıb.
Qeyd edək ki, Nazim Qərib (Paşayev Nazim Paşa oğlu) 1 oktyabr 1956-cı ildə Masallı rayonunun Qəriblər kəndində anadan olub. 1973-cü ildə orta məktəbi, 1979-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) biologiya-coğrafiya fakültəsini bitirib.
1979-2022-ci illərdə doğma kəndində müəllim kimi fəaliyyət göstərib.
Tələbəlik illərindən yaradıcılığa başlayan Nazim Qəribin müxtəlif illərdə mətbuatda miniatür, esse, elegiya və hekayələri dərc olunub. O, “Həsən bəy Zərdabi” və “Qızıl qələm” media mükafatlarına layiq görülüb, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Yazıçı-publisistin “Sonuncu sərnişin”, “Qəriblərim – qərib elli diyarım” və “Vida nəğməsi” adlı üç kitabı işıq üzü görüb.
Akif AĞAYEV,
video-foto: Elsevər Əliyev, Faiq Mirzə.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



