Boksçumuz Teymur Tanrıverdiyev də AÇ- min finalına yüksəlib
Türkiyənin Trabzon şəhərində 15 yaşlılar (U-15) arasında boks üzrə keçirilən və Azərbaycan boksçularının da qatıldığı Avropa çempionatı artıq başa çatmaq üzrədir. Oktyabrın 24-də keçirilən döyüşlərlə yarımfinal mərhələyə yekun vurulub. ABF-dən verilən məlumata görə daha bir boksçumuz yarımfinal mərhələni uğurla başa vuraraq adını AÇ- nin finalına yazdırıb. Söhbət 90 kq çəkidə çıxış edən Teymur Tanrıverdiyevdən gedir. Bununla da 10 yarımfinalçımızdan finala yüksələn boksçularımızın sayı 4-ə çatıb. Yeri gəlmişkən, Teymurdan öncə Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq) və Sərxan Haxverdiyev (70 kq) finala yüksəlib. Bu isə onların ən azından gümüş medalı özlərinə təmin etməsi deməkdir.
Mübarizəni yarımfinalda dayandırmaqla çıxışını üçüncü yerdə bitirən Nuray Qafarova (50 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq), Rafael Abbasov (66 kq), Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) isə AÇ- nin bürünc medalı ilə kifayətlənib.
Çempionata oktyabrın 25-də həlledici final döyüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov



