Güləşçimiz Eldəniz Əzizli beşqat dünya çempionu olub
Sənan Süleymanov isə ilk çempionluğunu qeyd edib
Oktyabrın 24-də Qazaxıstanın paytaxtı Astanadakı "Barıs Arena"da böyüklər arasında idman güləşi üzrə növbəti dünya çempionatına start verilib. Yunan-Romacilarin çıxışı ilə başlayan mundialın ilk günü 5 güləşçimiz döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılıb. Onlardan isə ikisi - Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) daha inamla güləşərək final yüksəlib. Adıçəkilən cütlüyümüz mundialın ikinci günü isə həlledici final görüşünə çıxıb. Sevindirici haldır ki, hər iki finalçımız son həlledici görüşünü də qələbə ilə başa vuraraq, dünya çempionu olub. Qeyd edək ki, finalda iranlı Payam Balutakiyə 3:1 hesabla qalib gələn Eldəniz Əzizli karyerasında 5-ci dəfə dünya çempionu adını qazanıb. Finalda moldovalı Aleksadrin Qutyanı 8:3 hesabla üstələyən Sənan Süleymanov isə karyerasında ilk dəfə çempionluq zirvəsini fəth edib. O, 2011-ci ildən sonra bu çəkidə dünya çempionu adını qazan ilk kişi güləşçidir.
Mundial davam edir.
İNTİQAM Məmmədov



