Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

SİNƏSİ DAĞLI DAĞ

Qasım Qasımzadə - 100

1763-1864-cü illər Rusiya imperiyasının tarixində "Çərkəz soyqırımı" illəridir. Həmin dövrdə çərkəz əhalisinin 90 faizi tarixi vətənindən qovulmuş və məhv edilmişdir. Bu minvalla Soçi şəhəri 19-cu əsrdə Rusiyanın tərkibinə keçmişdir.

Qasım Qasımzadə sovet dövründə Soçini ziyarət etmiş, orada olarkən aşağıda paylaşdığım şeiri yazmışdır. Şeirin həsr edildiyi Axun dağı Soçi ətrafında turistlərin ən çox getdiyi yerdir.

SİNƏSİ DAĞLI DAĞ

Mehribandır, şəfqətlididr,

Gileylidir, hiddətlidir,

Hüznlüdür Axun dağı.

Seyr edirəm zirvəsindən

Uzaq dağı, yaxın dağı.

 

Qarlı Qafqaz qaşqabaqlı,

Göy təpələr fikrə gedib.

Dara düşən dağ kəlləri

Öz-özünü həlak edib.

 

Qartalların ox lələyi

Sancılıbdır qayalara.

Özlərisə bilən yoxdur,

Bilən yoxdur... uçub hara.

 

Kol-kos örtən yamaclarda

Meşələşən bağlara bax:

Peyvənd armud, şirin gilas

Aullardan verir soraq.

 

Qayalarda tarixlərin

Açılmamış qatı qalıb.

Tayfaların, nəsillərin

Burda ancaq adı qalıb.

 

Adı qalıb kənd-şəhərdə,

Adı qalıb oymaqlarda.

Adı qalıb çayda, göldə,

Adı qalıb bulaqlarda.

 

Dağ havası, dağ nəsimi

Dağ çiçəyi, qar, bənövşə,

Gül şehində gülən günəş,

Qara dəniz, yaşıl meşə...

 

Gəlib gördü bir hökmdar

Ürəyinə yatdı yaman.

Bircə udum nəfəs dərcək

Dimağından uçdu duman.

 

Zənd elədi bir təpədən

Xoflu-xoflu hər tərəfə.

Düşündü ki, necə baxım

Rahat-rahat burda kefə?

 

Dağlıların əməlindən

Əskik olmur heç vaxt qəza.

Xam at kimi şahə qalxar

Dağ çəkməsəm mən Qafqaza.

 

Xəfifcə bir təbəssümlə

Sığal çəkdi bığlarına,

Qələm çəkdi dağlıların

Taleyinə, rüzgarına.

 

İlim-ilim itdi ellər,

Adı qaldı.

Hörüklərdə igidlərin

Atı qaldı.

 

Körpələrin açılmamış

Dili qaldı.

Qoca ömrün hələ neçə

İli qaldı.

 

Halal işin, düz əməyin

Barı qaldı.

İnsanların torpaq adlı

Ən sevimli,

Ən müqəddəs

Varı qaldı.

 

Qaldı...

Sürdü başqaları

O yerlərin səfasını.

Talelərdən qisas alan

Bir gün aldı cəzasını.

 

Yenə də xoş üz göstərir

Gəlib-gedən qonaqlara

Hər kənd-şəhər.

Lakin kimsə soruşmayır

Ev yiyəsi gedib hara,

Haçan gələr?

 

“Ev yiyəsi!”, “Ev yiyəsi!”

Cavab yoxdur bu nidaya.

Üz tuturam göy meşəyə,

Üz tuturam Aqurçaya.

 

Təngişdirir yol nəfəsi

Asta-asta çağırıram:

“Ev yiyəsi!”, “Ev yiyəsi!”

Boğuq-boğuq əks eləyir

Dərin dərə həmin səsi:

“Ev yiyəsi!”, “Ev yiyəsi!”

 

Dikəlirəm zirvələrə

Bəlkə ordan çatdı səsim.

Bir mehrabın qarşısına

Yetişəndə batdı səsim...

 

Mehribandır, şəfqətlididr,

Gileylidir, hiddətlidir,

Yol gözləyən ana kimi

Həsrətlidir

Axun dağı!

Sinəsində tarixlərin

Uzaq dağı, yaxın dağı.

Best coffeeshop in Berlin