YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
BƏYBALA MİRZƏYEV: Əlvida, siyasət!
Möhürünü, nizamnaməsini yığışdırıb böyük siyasətdən gedən partiyaların sayı getdikcə artır.
Bu gün biri də getdi.
Söhbət AKP-dən (Azərbaycan Kommunist Partiyası) gedir. Bu partiya 1993-cü ildə Ramiz Əhmədov tərəfindən təsis edilmişdi. Siyasi prosesləri izləyənlər yəqin ki, onu yaxşı xatırlayırlar.
Ramiz Əhmədov köhnə kommunistlərdən idi, sovetin sonuncu nəsil kommunistlərini təmsil edirdi. Və onun qurduğu Azərbaycan Kommunist Partiyası 1994-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata da alınmışdı.
Lakin bu partiya Azərbaycan siyasi mühitində böyük uğur qazana bilmədi. Çünki onun təbliğ etdiyi kommunizm artıq ölü ideologiyaya çevrilmişdi.
Sonralar bu partiya bir neçə qanada parçalandı. Ədliyyə Nazirliyi isə 2016-cı ildə həmin qanadlardan yalnız birini - Hacı Hacıyev adlı şəxsin rəhbərlik etdiyi qrupu legitim partiya kimi tanıyıb.
Lakin Hacı Hacıyevin sədrlik etdiyi qanad da bu gün fəaliyyətinə son vermək barədə bəyanat yaydı.
Beləliklə, ölkədəki kommunist partiyalarının sayı biraz da azaldı. Yəqin ki, digər kommunist partiyaları da tezliklə öz fəaliyyətlərinə xitam verəcəklər. Çünki onların varlığı ilə yoxluğu qətiyyən hiss olunmur.
Ümumən isə rəsmi dövlət qeydiyyatı olan 59 siyasi partiyadan indi yalnız 41-i öz fəaliyyətini davam etdirir. 18 partiya isə son iki ayda (mart-aprel) fəaliyyətini dayandırdığını bəyan edib.
Qarşıdakı həftələrdə digər 41 partiyanın da sıralarında seyrəlmə, azalma baş verəcək. Cəmiyyətin həyatına heç bir siyasi dinamika gətirə bilməyən, xüsusən də gənclər üçün cazibəli olmayan partiyaların siyasət meydanını tərk etməsi təbiidir.


