AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib +FOTO=13
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Təqdim edilən ilk məsələ AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavərinin “Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzəsi haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, qeyd olunan məruzə ilk dəfə bu ilin may ayında AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilmiş və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransında səsləndirilib və genişləndirilmiş şəkildə Rəyasət Heyətində təqdim olunur. AMEA rəhbəri bildirib ki, folklor milli dövlətçilik təfəkkürünün formalaşmasında, gələcək nəsillərin suverenlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır və bu mənada folklorşünas alimlərin üzərinə böyük məsuliyyət düşür.
Sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzəsini təqdim edib.
Məruzəçi bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan edilməsi haqqında” Sərəncamı bütün digər sahələrlə yanaşı, elmi fəaliyyət sahəsi, xüsusən ictimai və humanitar elmlər qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirir, bu istiqamətdə elmi araşdırmalara həm milli dövlətçilik maraqları, həm də müasir nəzəri-metodoloji maraqlar baxımından yenidən qayıtmağı zəruri edir. Heç də təsadüfi deyildir ki, son illər AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini məhz ictimai-humanitar elmi araşdırmaların milli dövlət maraqlarının qorunmasına daha mütəşəkkil cəlb edilməsi təşkil edir.
Sərxan Xavəri qeyd edib ki, təqdim olunan mövzu həm elmi, həm də milli dövlət maraqları baxımından xüsusi əhəmiyyətə malikdir və məruzədə cari elmi məqsəd sosial-mədəni müstəvidə dövlət və folklor arasındakı münasibətlərdə funksional iş mexanizmini diaxron inkişaf prosesi kontekstində öyrənməkdir. Dövlət və folklor iki sosial-mədəni təsisat olaraq bir-biri ilə qarşılıqlı münasibətdə klassik və modern mərhələlərdə hansı funksional mexanizmlər əsasında “işləyirdi” və bu gün – postmodern çağda bu mexanizmlərdə nə kimi dəyişikliklər hiss olunmaqdadır? Strateji məqsəd isə folklora filoloji olmaqla yanaşı, sosial-antropoloji yanaşma təcrübəsini nümayiş etdirmək, müasir humanitar elmi düşüncədə sosial-antropoloji, yaxud icra mərkəzli folklorşünaslığa təşviq etməkdir.
Məruzədə əsas semantik ağırlıq mərkəzlərini təşkil edən “postmodernizm”, “diskurs”, “folklor” və “dövlət” anlayışları müasir nəzəri yanaşmalar, xüsusən sosial-antropoloji baxımdan izah edilib. Həmçinin postmodern çağda folklor və dövlət münasibətlərinin spesifikasını, funksional semantikasını anlamaq üçün problemə diaxron tarixi rakursda yanaşılıb, diskursiv baxış bucağından folklor və dövlət münasibətləri tarixi inkişaf prosesində üç mərhələdə “klassik mərhələ - ən qədim dövrlərdən XVII-XVIII əsrlərədək, modernist mərhələ - XVII-XVIII əsrlərdən XX əsrin sonunadək və postmodernist mərhələ - XX əsrin sonlarından günümüzədək”, - nəzərdən keçirilib.
S.Xavəri bildirib ki, bu mərhələlərdə folklor və dövlət münasibətlərinin diskursiv spesifikasının müəyyənləşdirilməsi üçün açar anlayış olaraq modernizmin əsas spesifikasını özündə əks etdirən “qrand-narrativ”dən (böyük hekayə) istifadə edilir.
Məruzədə klassik mərhələ folklorun dövlətin varlığının ideoloji əsasını təşkil edən təbii qrand-narrativ olduğu mərhələ kimi xarakterizə edilib. Qeyd olunub ki, bu mərhələdə xalq hər şeyi - öz mənşəyini, cəmiyyətin quruluşunu, təbiətin sirrini folklor vasitəsilə izah edir. Qədim türk eposlarında, xüsusilə də “Oğuznamələrdə”, “Kitabi-Dədə Qorqud”da, “Manas”da çox açıq şəkildə müşahidə olunur ki, hökmdar obrazı ilahi güclə, sakral mənşə ilə əlaqələndirilir, dövlət qurmaq və onu qorumaq əxlaqi, siyasi və hətta kosmik məsuliyyət kimi təqdim olunur.
İkinci mərhələ - modern çağ folklorun daha çox digər qrand-narrativlərə tabe etdirildiyi mərhələ kimi xarakterizə edilir. Bu dövrdə insanlar artıq həqiqəti daha çox elmə, rasional düşüncəyə və tarixi inkişaf nəzəriyyələrinə bağlamağa başladılar. Artıq folklor, əvvəllər olduğu kimi “həqiqət daşıyıcısı” olmaqdan daha çox, “xalqın keçmişdə necə düşündüyünün bir nümunəsi” kimi dəyərləndirilir.
Üçüncü mərhələ, postmodernist dövr folklorun narrativlərə qarşı müqavimətinin artdığı mərhələ kimi xarakterizə olunur. Bu dövrdə bütün dünyada böyük ideoloji sistemlərə inam sarsılır, çoxsaylı alternativ hekayələr meydana çıxır. Folklor yenə də əvvəllər olduğu kimi bir tərəfdən dövlət maraqlarına xidmət etməkdə davam edir, digər tərəfdən öz liberal mədəni-ideoloji zonasını da yaradır. Məruzədə postmodern dövrdə dövlətin folklora yanaşmasının 3 istiqaməti ayrılıb fərqləndirilir.
Postmodern dövrdə liberal dəyərlərə can atan folklor həm də virtual və marginal məkanlarda inkişaf edir. İnternet folklorunda folklor və dövlət münasibətləri bir-birini inkar və ya tabe etmə münasibəti deyil, daha çox əməkdaşlıq və paralel mövcudluq münasibətidir. Belə bir dialoqun ən bariz nümunəsi İkinci Qarabağ Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin nitqlərinə aid ifadələrin (“nooldu Paşinyan”, “İtiqovan”, “dabanyalayan Paşınyan” və s.), çoxsaylı zəfər əhval-ruhiyyəli videoçarxların, mahnıların folklorlaşmasıdır. Bu folklor nümunələri xalq-iqtidar (dövlət və foklor) birliyinin ən bariz nümunəsi idi.
S.Xavəri vurğulayıb ki, belə bir şəraitdə bu istiqamətdə araşdırmaların aparılmasının elmi olmaqla yanaşı, müasir qloballaşma şəraitində milli dövlətçilik maraqlarının qorunması, milli ideoloji təhlükəsizliyin təmin edilməsi baxımından olduqca mühüm tətbiqi əhəmiyyəti də vardır.
Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb, akademik Rasim Əliquliyev, akademik Adil Qəribov və filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək fikirlərini bildiriblər.
Sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub. Müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, “Əkinçi” qəzetindən başlayan milli mətbuatımız ötən 150 il ərzində şanlı və şərəfli yol keçib, ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edib, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafında və xalqımızın maarifləndirilməsində müstəsna xidmətlər göstərib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, ötən əsrin sonlarında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin bərqərar olması üçün etibarlı zəmin yaradıb. Son illərdə isə Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti çərçivəsində Azərbaycan mətbuatı öz inkişafını ən yüksək səviyyədə təmin edib, Vətən müharibəsi ərzində mediamız haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, saxta məlumatların ifşasında xüsusi fəaliyyəti ilə seçilib. Akademik İsa Həbibbəyli vurğulayıb ki, mütəmadi olaraq ölkəmizdə informasiya resurslarının maddi-texniki bazasının gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atılır.
AMEA-da da ictimaiyyətlə əlaqələr işinin təşkilinə xüsusi diqqət yetirildiyini deyən akademik İsa Həbibbəyli bu istiqamətdə Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin fəaliyyətinin seçildiyini, şöbə tərəfindən 3 dildə informasiyanın mütəmadi olaraq cəmiyyətə və dünyaya təqdim edildiyini vurğulayıb. AMEA-nın elmi müəssisə və təşkilatlarının İctimaiyyətlə əlaqələr şöbələrində isə fəaliyyətin yenidən təşkilinə və genişləndirilməsinə ehtiyac olduğunu bildirən akademik İsa Həbibbəyli informasiyaların ictimaiyyətə operativ çatdırılması və bir neçə dildə məlumatın təqdim edilməsinin zəruriliyini vurğulayıb və bu istiqamətdə institut direktorlarına müvafiq tapşırıqlarını verib.
İclasda dövlət başçısının Sərəncamının icrasını təmin etmək məqsədilə, AMEA-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi qərara alınıb.
Müzakirəyə çıxarılan növbəti məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” 10 iyun 2025-ci il tarixli Sərəncamının icrası barədə olub.
Akademik İsa Həbibbəyli bildirib ki, respublikada cərrahlıq elmi məktəbinin banilərindən olan akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuza malik şəxsiyyətdir. AMEA rəhbəri görkəmli alimin ölkəmizdə kadr hazırlığı işinə də xüsusi diqqət yetirdiyini qeyd edib və onun 130 illiyinin Səhiyyə Nazirliyi ilə birgə yüksək səviyyədə qeyd olunacağını diqqətə çatdırıb.
Rəyasət Heyəti tərəfindən Sərəncamın icrasını təmin etmək, akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planını hazırlayıb həyata keçirmək məqsədilə komissiya yaradılıb.
İclasda, o cümlədən Prezident İlham Əliyevin “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” 5 iyul 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr müzakirə edilib.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, akademik Yusif Məmmədəliyev Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biridir və dövlət başçısının Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan elminin yetişdirdiyi parlaq simalardandır. Azərbaycan neft-kimya elminin dünyaca məşhur siması akademik Yusif Məmmədəliyevin həyatının hər bir şəxs üçün nümunə olduğunu deyən akademik İsa Həbibbəyli alimin görkəmli elm təşkilatçısı və pedaqoq kimi yetişdirdiyi kadrların ölkəmizin iqtisadi, elmi inkişafına öz misilsiz töhfələrini verdiklərini bildirib.
Akademik İsa Həbibbəyli dövlət başçısının 2025-ci il ərzində imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, həmçinin akademik Mustafa Topçubaşovun 130 və akademik Yusif Məmmədəliyevin 120 illik yubileyləri haqqında sərəncamlarının ölkə rəhbərinin Azərbaycan elminə və ziyalısına xüsusi diqqətinin təzahürü olduğunu deyib və AMEA-nın kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
İclasda akademik Yusif Məmmədəliyevin 120 illiyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı qərar qəbul olunub.
Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakı şəhərində, AMEA-nın Rəyasət Heyətinin Böyük akt zalında keçirilən Birinci Türkoloji Qurultay SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edib. Qurultayın keçirilməsi və qəbul etdiyi qərarlar sovet hakimiyyəti kimi sərt bir rejimdə türk xalqlarının milli kimliyini qorumasında və özünüdərkində mühüm rol oynayıb.
AMEA rəhbəri müasir dövrdə türk xalqlarının və dövlətlərinin güclü həmrəylik nümayiş etdirdiyini və bu birliyi Türk Dövlətləri Təşkilatının daha da gücləndirdiyini söyləyib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Türk dünyasını bizim ailəmiz adlandırıb və Azərbaycan Milli Elmlər Akademiyası da dövlət başçısının tapşırığından irəli gələrək bu istiqamətdə fəaliyyətini genişləndirib və əməli tədbirlər davam etdirilir.
Akademik İsa Həbibbəyli artıq Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Akademiyada keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanıldığını və Rəyasət Heyətinin qərarı ilə işlərin sürətlənəcəyini söyləyib. AMEA-nın Rəyasət Heyəti tərəfindən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi haqqında qərar qəbul olunub.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyə Respublikasında AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirakı barədə məlumat verib. Qeyd edib ki, iyunun 26-da Türkiyənin Ankara Universitetində Türkiyə Elmlər Akademiyasının (TÜBA) təşəbbüsü və Ankara Universitetinin dəstəyi ilə AMEA-nın 80 illik yubileyi təntənəli şəkildə keçirilib. Tədbirdə AMEA heyətilə yanaşı, müxtəlif beynəlxalq və yerli qurum və təşkilatların, ali təhsil ocaqlarının nümayəndələri, diplomatlar, elm xadimləri iştirak ediblər. Tədbirdə Ankara Universitetinin rektoru professor Necdet Univar və Türkiyə Elmlər Akademiyasının prezidenti professor Muzaffer Şeker geniş çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasına öz təbriklərini çatdırıblar.
Akademik İsa Həbibbəyli Ankaradakı tədbirin yüksək səviyyədə təşkilinə görə professor Muzaffer Şekerə minnətdarlığını bildirib və bu əlamətdar hadisə ilə bağlı məlumat və şəkillərin kitab formasında nəşr ediləcəyini söyləyib.
Akademik İsa Həbibbəyli həmçinin İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT) tərəfindən təşkil edilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elmlər akademiyaları prezidentlərinin İkinci toplantısında iştirakının yekunları haqqında da məlumat verib. İstanbul Universitetinin rektorluq binasında keçirilən görüşdə üzv ölkələrdən Türkiyə, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya və Ukraynadan Elmlər Akademiyalarının prezidentləri, vitse-prezidentləri, akademikləri və nümayəndələrinin iştirak etdiyini söyləyib.
Akademik İsa Həbibbəyli toplantıda “Avrasiya coğrafiyasının problemləri və Elmlər Akademiyalarının vəzifələri” mövzusunda geniş məruzə ilə çıxış etdiyini diqqətə çatdırıb. O cümlədən tədbirin AMEA-nın 80 illiyinə hərs olunmuş hissəsi də baş tutub və QDİƏT-in Parlament Məclisinin Baş katibi akademik Asəf Hacıyev təqdimatla çıxış edib. İstanbul Universitetinin rektoru akademik Osman Bülent Zülfikar, Moldova EA-nın sabiq prezidenti akademik Georgi Duka, eləcə də digər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyalarının prezidentləri və nümayəndə heyətləri AMEA-nın 80 illiyi ilə əlaqədar təbriklərini çatdırıblar.
AMEA rəhbəri, o cümlədən Türkiyəyə səfəri çərçivəsində İstanbulda Sabahattin Zaim Universitetində rektor professor Əhməd Cevat Acarla keçirdiyi görüş barədə məlumat verib, görkəmli türk şairi Mehmet Akif Ərsoyun vaxtilə bu təhsil ocağında çalışdığını bildirib.
QDİƏT-ə üzv ölkələrin elmlər akademiyaları prezidentlərinin İkinci toplantısında iştirak etmiş AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev də Rəyasət Heyətinin üzvlərinə tədbirlə bağlı məlumat verib, toplantının yüksək səviyyədə baş tutduğunu, üzv ölkələrin elmlər akademiyaları rəhbərlərinin AMEA-nın tarixi ilə yaxından tanış olduqlarını, öz təbriklərini çatdırdıqlarını söyləyib.
Çıxışlardan sonra Rəyasət Heyəti tərəfindən Türkiyədə keçirilmiş tədbirlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatların nəticələrini təqdim edib. Qeyd edib ki, AMEA prezidentinin müvafiq sərəncamına əsasən, 17 iyun - 4 iyul 2025-ci il tarixlərində AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində 2025-ci ilin birinci yarısında aparılmış elmi-tədqiqat işlərinin, həmçinin elmi-təşkilati fəaliyyətin yekunlarına dair yarımillik hesabatların müzakirəsi keçirilib. Elmi müəssisə və təşkilatların hesabat iclaslarında AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər. Hesabat iclaslarının nəticələrinə dair məlumatlar AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş cədvələ uyğun olaraq AMEA-nın müvafiq elmi bölmələrinə təqdim edilib, onlar bölmənin elmi şuralarında müzakirə edilərək müvafiq qərarlar qəbul olunub, növbəti yarımillik fəaliyyət üçün elmi müəssisə və təşkilatlara tövsiyə və tapşırıqlar verilib.
Filologiya elmləri doktoru Sərxan Xavəri yarımillik hesabatlarla bağlı bir sıra statistik məlumatları əyani təqdim edib və Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.
İclasda müzakirə edilən növbəti məsələ AMEA əməkdaşlarına 2025-ci ilin birinci yarısı üzrə impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında olub.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli bildirib ki, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə AMEA Rəyasət Heyəti tərəfindən Akademiyada çalışan alim və mütəxəssislərin məqalələrinin nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən elmi jurnallarda daha intensiv dərc olunmasını təşviq etmək məqsədilə “AMEA əməkdaşlarına impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərar qəbul edib. Qərara əsasən, AMEA əməkdaşları üçün nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən nəşrlərdə dərc olunmuş elmi işlərə görə mükafatlar təsis edilib, elmi müəssisə və təşkilat rəhbərlərinə müvafiq materialların ildə iki dəfə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinə təqdim edilməsi tapşırılıb.
Aynur Günəşli ötən illə müqayisədə nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən jurnallarda AMEA əməkdaşlarının işıq üzü görmüş məqalələrinin sayında iki dəfədən artıq artımın qeydə alındığını və bu göstəricinin ilin sonunda daha da artacağının proqnozlaşdırıldığını söyləyib.
Daha sonra iclasda geniş müzakirələr aparılıb, müvafiq qərar qəbul olunub.
İclasda, o cümlədən “AMEA-nın Əziz Sancar fəxri diplomu”nun Əsasnaməsi də təsdiq edilib. Akademik İsa Həbibbəyli bildirib ki, fəxri diplom Azərbaycan Milli Elmlər Akademiyasında Türk dünyasının ən aktual problemlərinin, xüsusən qarşılıqlı inteqrasiya proseslərinin inkişaf etdirilməsinə həsr edilmiş elmi tədqiqatlarına görə hər ildə bir dəfə AMEA-nın fəlsəfə doktoru hazırlığı üzrə doktorantlarına veriləcək. Fəxri diplomun verilməsi müsabiqə əsasında həyata keçiriləcək və namizədlərin müəyyənləşdirilməsi məqsədilə Ekspert komissiyası yaradılaraq müvafiq rəyi AMEA-nın Rəyasət Heyətinə təqdim edəcək. Namizədin fəxri diplomla təltif edilməsi barədə yekun qərar AMEA-nın Rəyasət Heyəti tərəfindən qəbul ediləcək və AMEA-nın Rəyasət Heyətində təntənəli surətdə AMEA-nın prezidenti tərəfindən təqdim olunacaq.
Bundan əlavə, iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntılarla tanışlıq məqsədilə Astara rayonuna səfərinin yekunları haqqında məlumat verib. Bildirib ki, Astara rayonu arxeoloji ekspedisiyasının fəaliyyəti ilə yerində tanış olmaq məqsədilə rayonun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasını ziyarət edib. Səfər zamanı qazıntı sahəsində aparılan tədqiqat işlərinin gedişi, aşkarlanmış memarlıq qalıqları və arxeoloji materiallarla yaxından tanış olduğunu, Əlişa qalasında aparılan qazıntılar zamanı lotusvari formada inşa edilmiş daş hovuz kompleksinin aşkar edildiyini söyləyib.
Akademik İsa Həbibbəyli aşkarlanmış maddi mədəniyyət nümunələri üzərində arxeologiya və etnoqrafiya sahələri ilə yanaşı, memarlıq, dilçilik, folklor və başqa istiqamətlərdə də araşdırmaların kompleks şəkildə aparılmasının vacib olduğunu bildirib.
İclasda, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” 30 iyun 2025-ci il tarixli, 187 nömrəli qərarının icrası barəsində də məlumat verilib.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfərinin yekunları haqqında təqdimatla çıxış edib.
Akademik Rasim Əliquliyev 8-14 iyun 2025-ci il tarixlərində rəhbərlik etdiyi nümayəndə heyəti ilə Avropa Milli Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) Böyük Britaniyanın Brayton şəhərində keçirilmiş illik TNC25 (TERENA Networking Conference) beynəlxalq konfransında iştirak etdiyini bildirib. Akademik Rasim Əliquliyev qeyd edib ki, TNC25 konfransı GEANT Assosiasiyasının texnoloji, elmi, strateji və idarəetmə səviyyələrində fəaliyyət göstərən nüfuzlu üzvlərini, habelə Milli Elm və Təhsil Şəbəkələrini (National Research and Education Network – NREN), texnologiya şirkətlərini və s. bir araya gətirir. Bu ilki konfransda 72 ölkədən 900-dən çox nümayəndə iştirak edib, 4 plenar iclas və 18 paralel sessiyada 55-dən çox məruzə dinlənilib. Konfrans çərçivəsində qlobal şəbəkə infrastrukturunun dayanıqlığının təkmilləşdirilməsi, süni intellektin tədqiqat və təhsilə tətbiqi, kvant texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal suverenlik, inklüziv texnologiyalar, idarəetmə strategiyaları, elastik optik şəbəkələr və bir sıra spesifik istiqamətlərdə aktual problemlər üzrə fikir mübadilələri aparılıb.
Akademik Rasim Əliquliyev qeyd edib ki, AR ETN İnformasiya Texnologiyaları İnstitutunun təmsilçilərinin TNC25 konfransında iştirakı, eyni zamanda Azərbaycanın rəqəmsal elm və təhsil infrastrukturunun beynəlxalq sistemlərə inteqrasiyası, Avropa elm və təhsil şəbəkələri ilə texniki əlaqələrin dərinləşdirilməsi nöqteyi nəzərindən mühüm əhəmiyyət daşıyır. O, nümayəndə heyətinin, eyni zamanda GEANT-ın Data Mərkəzi və Şəbəkə İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olması, böyük həcmli məlumatların süni intellekt texnologiyaları əsasında emalı istiqamətində potensial əməkdaşlıq imkanları, o cümlədən Horizon Europe proqramı çərçivəsində aparılan layihələrdə iştiraka dair ilkin razılaşmalar əldə olunması barədə də məlumat verib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov Çin Xalq Respublikasına səfərinə dair təqdimatla çıxış edib. O qeyd edib ki, 11-13 iyun tarixlərində Çin Xalq Respublikasının Siçuan vilayətinin paytaxtı Çenqdu şəhərində Elm və Texnologiyalar Mübadiləsi üzrə 2-ci “Bir Kəmər və Bir Yol” konfransı keçirilib. Konfransın işində 81 ölkədən 100-dən artıq qurumun nümayəndələri, xarici ölkələrin Çindəki diplomatik nümayəndələri və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, təxminən 1500 iştirakçı iştirak edib.
Konfrans Kəmər və Yol elmi-texniki planlaşdırılması və siyasətin koordinasiyası, elmi-texniki və mədəni mübadilələr, sənaye innovasiyaları və inkişafı, beynəlxalq meqa-elm layihələri, elmi-texniki yoxsulluğun aradan qaldırılması, ənənəvi Çin təbabəti və incəsənətinin araşdırılması kimi mövzuları əhatə edib. Konfransın təşkilatçıları sırasında olan Siçuan Süni İntellekt Sənayesi Assosiasiyasının prezidenti Frenk Çen ilə ilkin əlaqələr qurulub, konfransın gedişində isə ikitərəfli görüş keçirilib. Fariz İmranov çinli mütəxəssislərin süni intellekt sahəsində təcrübəsindən faydalanmağın vacibliyini bildirib.
İclasda, həmçinin AMEA-nın müşaviri vəzifəsinin Əsasnaməsi, eləcə də AMEA-nın “Filologiya və sənətşünaslıq” jurnalının redaksiya heyətinin yeni tərkibi təsdiqlənib, “AMEA-da ekspedisiyaların təşkili üzrə Komissiyanın yaradılması haqqında” AMEA Rəyasət Heyətinin 23 aprel 2024-cü il tarixli qərarı ilə yaradılmış Komissiyanın tərkibində dəyişiklik edilib. Bundan əlavə, daxili imkanlar və mövcud ştat vahidləri hesabına AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin bazasında İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin yaradılması, Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi şöbəsinin bazasında Rəqəmsal inkişaf və süni intellektin fəlsəfi problemləri şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub, o cümlədən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsi ləğv edilib. Həmçinin AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Əli Əliyevin təhsilində möhlət verilib.
İclasda, bir sıra kadr məsələlərinə də baxılıb. Filologiya elmləri doktoru Aynel Məşədiyeva AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi vəzifəsinə, filologiya elmləri doktoru Məsud Mahmudov isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri vəzifəsinə təsdiq edilib.
Bundan əlavə, akademik Firudin Haşımzadənin 90, akademik Toğrul Şahtaxtinskinin 100, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin 60 və AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin 75 illik yubileyi haqqında qərarlar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, professor Nadir Məmmədli, tarix elmləri doktoru Zemfira Hacıyeva və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.


