İlqar Əlfioğlu:
Bə deyirdiniz ki, soveti yıxsaq, küçələrimiz 7 santimetrlik qızıl təbəqəsilə örtüləcək...
1977-ci il idi...
İranda işləyib qayıtmışdım.
Atam soruşdu ki, orda səni ən çox təəcübləndirən nə oldu. Çox şeyə heyran qalmışdım, amma kişi nahaq yerə *ƏN* deməmişdi ki, seçməliydim...
Qonşu ölkədə gördüklərimi fikirləşdim. Gördüm ki, məni çox təəccübləndirən mağazaların ağzına kimi dolu olması idi, bizdə elə bolluq görməmişdim axı... Dünyanın hansı nöqtəsindən, nə desən, vardı dükanlarda...
Atama dedim ki, məni təəcübləndirən çox şey vardı, amma bircə şeyə lap məəttəl qaldım - çox yekə univermaqları var, adına *supermarket* deyirlər. Yaşadığım Yusifabada yaxın, Pəhləvi xiyabanında bir dənə beşmərtəbə *Kuroş* supermarketi vardı, tək ordakı mallar Bakıya bəs edərdi... Bir də, dükanlarda basabas, növbə görmədim.
Atam soruşdu ki, növbə də olmur, eləmi...
Başımı tərpətdim.
Kişi ani fikrə getdi, sonra dilləndi ki, dükanlar doludursa, deməli, camaatda pul yoxdu...
Onda inanmadım, amma 50 il qabaq eşitdiyim o söz heç vaxt yadımdan çıxmadı.
Dükan daim doludursa, deməli, xalqın cibi boşdur...
Zaman keçdi, il dolandı, özümüz də o sözlərin həqiqətinə qeyd-şərtsiz inandıq.
İndi biz də kapitalist olmuşuq - super, hətta hipermarketlərimiz dolu, ciblərimiz boşdur və cəmi on faizimiz istədiyini almaq iqtidarındadı, əsas məşğuliyyətimiz də ayın birini o birinə calamaqdı...
Ə-ə, qırışmallar, bə deyirdiniz ki, soveti yıxsaq, küçələrimiz 7 santimetrlik qızıl təbəqəsilə örtüləcək...


