Taleh Həmid:
Nə yaxşı şair yarandım
Qızındım ömrün fəsillərinə,
İçimdə sönsəm də, içimdə yandım.
Sənə minnətdaram, qismətim, sənə,
Nə yaxşı dünyada şair yarandım!
Arzu eləmədim büllur sarayı,
Kimsənin yığdığı sona qalmayıb.
Şairlik Tanrının vergisi, payı,
Şairlər sevgidən şair olmayıb.
Uğursuz sevgilər kimə nə verdi
Ömrə kədərdən, qəmdən savayı?
Hər günüm duyğulu, qayğılı keçdi,
Demirəm illərim uçdu havayı.
Əkdim sətir-sətir yazdığım anda,
Əkinçi torpağa tum əkən kimi.
Arılar çiçəkdə bal axtaranda,
Mən də dərd axtardım su çəkən kimi.
Qəmi qəm içində bələmək olur,
Ehtiyac əlimi min dəfə sıxdı.
Gələn gələcəkdi, neyləmək olur? –
Qismətim qarşıma bu donda çıxdı.
Ürəyim kökləndi xoş duyğularla,
Mənim söz bağıma gülşən dedilər.
Nadanlar sözümü qanmasalar da,
Ariflər sözümə “Əhsən!” dedilər.
Döndü yuxulara, döndü ömür-gün,
Canın ağrısını can özü bilər.
Gördülər yanıram el-oba üçün,
Şair olan gərək yana dedilər.
Alovum başımda, tüstüm içimdə,
Ömür etdim doğmalar, yadlar içində.
Demirəm yaşadım zülüm içində,
Deyirəm əridim odlar içində…
Sentyabr 2013-cü il


