Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Faiq İsmayılov: 

Laçın toponiminin yaranma tarixi

Laçın şəhəri, Azərbaycanda Şərqi Zəngəzur regionunda inzibati yaşayış məntəqəsi və Laçın adlı rayonunun mərkəzidir. İndiki Laçın rayonunun ərazisi qədim zamanlarda dörd nahiyənin (Qaraçorlu, Mağavuz, Keştasf, Hacısamlı) adları ilə tanınıb. 
Laçın toponiminin etimologiyası haqqında iki  mülahizə mövcuddur. Birinci mülahizəyə görə, “Laçın” sözü türk dillərindəki (sıldırım-qaya, yalçın-qaya) sözünün təhrif edilmiş fonetik forması olduğu iddia edilir. Həqiqətəndə Laçın ərazisinin başdan-başa sıldırım qayalar və sərt dağlarla əhatə olunması bu mülahizənin irəli sürülməsinə əsas yaradır. Digər regionlarda da sərt ərazilərə, sıldırım qayalıqlara Laçın adının verilməsi, Laçın sözünün sərt-yalçın anlamını yaradır. Nəticə etibarı ilə qeyd etmək olar ki, laçın sözü, sərt yəni yalçın sözünün fərqli deyiliş forması olmuşdur.
Laçın toponiminin etimologiyası  haqqında bir ehtimala görə, «Laçın sözü türk dillərindəki yalçın (sıldırım) sözünün təhrif edilmiş fonetik formasıdır. Kəlbəcər rayonundakı dağın da Laçıntaxtı ad-lanması onun zirvəsinin sıldırım olmasından irəli gəlir» (11, 334). Q.Qeybullayev Kəlbəcər rayonu ərazisində qeydə alınan və yerli əhali arasında Laçınqaya kimi adlandırılan Levqalanın qədimlərə aid olması haqqında məlumat verir. 
İkinci mülahizə isə, Laçın onomastik vahidi məhz qədim türklərin onqonu hesab olunan laçın quşu ilə əlaqədar olduğu iddia edilir.  Məhz buna görə bəzi mülahizələrdə,  laçın quşunun totem olması, sonradan  yer adına çevrilməsi iddiaları səsləndirilir.  Əsas kimi göstərilir ki, zoomorfik miflərlə (totemlərlə) əlaqədar toponimlərin etimologiyasını araşdıranda məlum olur ki, qədim türklərin müqəddəs hesab etdikləri heyvanların adları bir sistem şəklində yer-yurd adlarına keçərək  mühafizə olunmuşdur. 
N.Əsgərov son dövrlər nəşr olunan əsərində Laçın adının işlənmə arealını tədqiq edərək belə qərara gəlir ki, türk xalqları, eləcə də qədim azərbaycanlılar bəzi heyvan və quş ailələrinə inanmış, onlara tapınmışlar. Bu təsəvvürlər sonradan şəxs, tayfa, yer adına keçmiş və geniş işləklik dairəsi qazanmışdır. E.Abışov da N.Əsgərovun fikrinə şərik çıxır. Biz də öz növbəmizdə elə düşünürük ki, Laçın onomastik vahidi məhz qədim türklərin onqonu hesab olunan laçın quşu ilə əlaqədardır.
Məlumdur ki türk coğrafiyasında mifoloji toponimlərin işlənmə arealı kifayət qədər geniş və müxtəlifdir. Odur ki bütün türk coğrafiyasında yaşayan xalqlarda heyvan totemlərinin sistemli şəkildə yer adlarına keçməsi iddiası doğru olmazdı. Çünki fərqli regionlarda yaşayanların fərqli adətlərinin olması qaçılmazdır. 
Quş onqonlarının müasir dövrdəki izlərinin araşdırılması xalqın qədim tarixinin, inam və məişətinin öyrənilməsi üçün mühüm mənbələrdən biri kimi maraqlıdır. Azərbaycan mifik təfəkküründə digər heyvanlar kimi, quş onqanları mühüm yerlərdən birini tutur. Oğuznamələrdə quşlara çox böyük yer verilmişdi. Hər bir qəbilə bir quşu özü üçün simvol və yaxud onqon seçirdi. B.Ögəl qədim türklərin quş onqonlarından daşınarkən qartal, doğan, qırğı çalağan, qarğa, durna, qu, sunqur və s. quşları misal gətirir və hal-hazırda əksər Sibir xalqlarında onların bəzilərinin müqəddəs hesab olunduğunu qeyd edir. Azərbaycan nağıl və dastanlarında adları çəkilən və qeyri-adi xüsusiyyətlərə malik Hüma, Simurq, Səməndər və s. quşlar quş onqoanlarının qədim əcdadlarımızda mövcudluğunu bir daha faktlaşdırır.
İndiki Laçın rayonu ərazisində, “laçınların (quşlarının) yaşadığı ərazi”, “laçın quşlarının çox məskun olduğu ərazi” kimi deyimlərin yaranması Laçın (Şahin) sözünün yer adına keçməsinə şərait yarada bilməsi versiyası istisna edilə bilməz. Lakin xalq arasında bu ərazidə yaşayan insanların da xarakterlərinin “sərt-yalçın” və  “təmiz-saf” kimi qiymətləndirilməsi, birinci mülahizəni daha inandırıcı edir.  Burada yer və quş adı uyğunluq təşkil etdiyindən bu ad gah yer, gah da quş adı ilə uzlaşır.  Bütün bu deyilənlər Laçın (Şahin) quş anlamının əhəmiyyətini heç də azaltmır. Laçın-quş, laçın-yer, laçın-insan adları və xarakterləri bu ərazidə birləşərək sanki harmoniya (vahidlik) təşkil edirlər.
Laçın sözü Şimali Altaydakı türk dillərində “şahin”  mənasını  verir. Türk tayfaları V-VI əsrlərdə Şimali Altayda qartal(şahin) totemini yaratmışdılar. Osmanlı mənbələrində isə Laçın quşunun ağ şahin olduğunu iddia edilir.  Quş onqonlarının müasir dövrdəki izlərinin araşdırılması xalqın qədim tarixinin, inam və məişətinin öyrənilməsi üçün mühüm mənbələrdən biri kimi maraqlıdır. Azərbaycan mifik təfəkküründə quş onqanları mühüm yerlərdən birini tutur.  
Qədim zamanlardan  türk xalqlarının həyatında mühüm yer tutan şahin quşları, türk xalqları tərəfindən ov üçün öyrədilən yeganə yırtıcı quşdur.  Şahin küləyin əksinə deyil, küləyə qarşı uçduqda inanılmaz yüksəkliyə  qalxa bilir.   O,  ov dalıca gedəndə sürətlə uçur, sərt hücumla və güclü zərbə vura bilir. Şahinlə ov etmək türklərin qədim adəti olub. Buna görə də türk tayfaları  arasında  şahinlə bağlı müxtəlif  rəvayətlər vardır.  Rəvayətlərin birində deyilir ki, uşaq gözləyən xanım yuxularında tez-tez şahin görməsi, onun dünyaya bir oğlan  övlad gətirəcəyi ehtimalını yaradır. Digər bir rəvayətdə də deyilir ki, şahin insanlar üçün günəşdən bir qığılcım qopararaq yerə od gətirib və insanlar oddan istifadəni öyrəniblər. Yırtıcı quşlarla ov etmək türklərin qədim sənəti olub. Buna görə də türk tayfaları arasında şahin, qartal, şahinlə bağlı totemlər çoxdur.

Sibirin, Altayın, Orta və Kiçik Asiyanın, Qafqazın  türk xalqlarının yaddaşında şahin (qartal) haqqında bu kimi çox sayla müxtəlif rəvayətlərə rast gəlmək olur. Ümumilikdə belə görünür ki Şahin türklər arasında həm də günəş, işıq mənbəyi totemi də hesab olunurmuş.   
İndiki Laçın rayonu ərazisində şahinlə ov etmək adətlərinin olduğunu şərtləndirən amillər olub. Beləki indiki Laçın ərazisində hələ sinifli cəmiyyətə keçməzdən əvvəl oxçuluqla məşğul olan insan qrupu tayfa olub. Gəloxçu tayfası. Gəloxçu tayfası oxçulardan ibarət olub, yəni bir qrup oxçuluq sənəti üzrə təlim görmüş insanlar, ovçuluqla məşğul olaraq tayfanın digər üzvlərinin də qida ehtiyaclarını ödəyirlərmiş.  Tayfanın digər üzvləri oxçuları yanlarına çağıranda şəxsin adıyla deyil sənətinə - “gəl-oxçu” deyə müraciət edirlərmişki, sonralar bu söz “gəloxçu kimi formalaşaraq, dövrümüzə qədər gəlib çıxmışdır. “Gəloxçu” (gəl-oxçu)ların nəsli bugünkü günə qədər Laçın rayonu ərazisində yaşamaqdadır.  Gəloxçu tayfası - Laçın rayonunda Mişni, Qarıqışlaq, Qılışlı, Quşçu, Sadınlar, Soyuqbulaq və digər yaşayış məntəqələrini əhatə edir. Bu tayfanın məşğuliyyətinin əsaslarını ovçuluqla əlaqələndirirlər. Gəloxçu sözünün mənası, mahir ox atan (nişançı), mahir ovçu kimi xarakterizə edilir. Diqqət yetirdikdə Gəloxçu sözünün mənasınin, Quşçu toponiminin mənası ilə uyğunluq təşkil etdiyini görürük. Bu isə Gəloxçu tayfasının həqiqətən də Quşçu tayfasından törəndiyi gümanımızı təsdiq edir.
 Tarixi mənbələrdən məlum olur ki, Quşçu tayfası Azərbaycanın Keşitaşf nahiyyəsində çox adlı-sanlı bir tayfa olmuşdur. Hətta Elxanlılar dönəmində Sultan Əbu Səid Bahadur xanın fərmanı ilə 1333-cü ildə Quşçu tayfasından olan Məhəmməd bəy Quşçunun Qarabağ hakimi təyin olduğu bildirilir. Bir çox tarixi mənbələrdə Kuşi və ya Quşçu adlanan bu tayfa qədim türk tayfalarındandır. Təbii ki, Azərbaycan toponimiyasında da bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır ki, onlar əsrlərlə yaşayaraq günümüzə qədər gəlib çıxmışdır.
Kuşi tayfasının necə yaranması ilə bağlı bir çox tarixi mənbələrdə göstərilir ki, Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqların bir çoxu yosti adı ilə məlumdur. Yosti sözünün transkripsiyası Çin mənbələrində tək halda kuşi və ya quşi, cəm halda isə quşan formasında verilmişdir. Bu tayfa dünyanın çox böyük ərazilərinə səpələnərək toplum halında yaşamışdır. Bu tayfa ilə bağlı bu cür ziddiyyətli fikirlərin yaranması onu göstərir ki, Quşçu tayfasinin kökləri tarixin çox dərin qatlarına qədər gedib çıxır.
Bir tarixi mənbədə isə göstərilir ki, indiki Laçın rayonunun Quşçu kəndində Qaraçorlu elinin Gəloxçu camaatı məskunlaşmışdı. Bu heç də nəinki Quşçu camaatının eləcədə bu elatın bir çox digər tayfalarının da soy kökünün quşçu tayfasına bağlılığını istisna etmir. (bax. F.İsmayılov Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər. Bakı-2012-ci il. səh. 82-84.)  

Əlbəttə indiki Laçın rayonu ərazisində ovçuluq sənətinin geniş inkişafı Şahin quşlarından istifadəni də qaçılmaz edirdi. Bu baxımdan Laçında quş totemlərinin də yaranması təbii hadisə idi. Hələlik bu totemin daş üzərində işlənməsi V-VI əsrə aid olduğunu ehtimal etmək olar. Bu totemin yaranma tarixini gələcək tədqiqatlar göstərəcəkdir. 
İlk dəfə Laçın(Şahin) toteminin Bu totemlərdən biri Laçın rayonunun Çıraqlı kəndi ərazisində aşkar edilmişdi. Bu totemi araşdıran tədqiqatçı Qalib Nüsrət oğlu Quliyev quş totemini izah edərkən gəldiyi qənaət belədir: “Quşun yaddaşı QAZ mənşəlidir. Sinəsindəki 5 sıra dalğavari xətlər qaz-qız simvolizmidir. Sağ qanadın yuxarısında 3x3 tərtibli MAQ kvadratı həkk olunub. Quşun caynaqlarındakı qoç rəmzi, qoç dövrünün sonu olduğunu göstərir. Quşun gövdəsindəki 5 dalğavari rəmz 3+4+5+4+3=19 edir. Quşun sağındakı və solundakı 3x3=9 kodları, 2x9=18+1=19 edir”. 
Bu şahin toteminin mövcudluğu indiki Laçın rayonu ərazilərinin nə qədər qədim tarixə və mədəniyyətə malik olduğunun əyani göstəricisidir. 
Laçın rayonu, təbii resurslarına, tarix və mədəniyyətinin zənginliyinə eləcədə coğrafi ərazisinə görə Azərbaycanın strateşi ərazilərindən biri kimi tanınır. Laçın onomastik vahidi Laçınkənd (Laçın rayonu), Laçın (Kəlbəcər rayonunda kənd), Laçınlar (Şuşada kənd) Laçın qayası (Ağdam, Kəlbəcər, Ağdərə və Şuşa rayonlarında yer adı), Laçın dağı (Oğuz), Laçın dərəsi (Kəlbəcər) və s. yer adlarında yaşamaqdadır. Bundan belə bir nəticəyə gəlmək olur ki, Laçın adı tək bu ərazidə yox Azərbaycanın bir çox regionlarında da öz mövcudluğunu qoruyaraq dövrümüzə qədər gəlib çıxmışdır. Bu isə “Laçın” sözünün xalqımız üçün əhəmiyyətinin böyük olduğunun göstəricisidir. Bu baxımdan laçın toponiminin öyrənilməsi başlıca şərt kimi qarşıda durur.

Laçın anlamının Azərbaycanın demək olar ki bütün regionlarında olduğundan Laçın sözünün kodlarla açlımı La-Laçı-Laçın. Bu söz La məkanı oluş məkan anlamını yaradır. 

Bu məkanın yaranışı belə xarakterizə olunur. QA və RA dənizləri arasında BA-batı olan məskəndə ilkin yaranış baş verdi. Yaradan AL-Allah oldu.

Allahın yerdəki kölgəsi La adlandı. Yaranış-oluş mərkəzdə La məkanında baş verdi...  Bu məkanda Laçılar doğuldu artdı törədi və ilk insan məskənləri yarandı. Bu məskənlər bütün mənbələrdə cənnət-behişt-edem adlandı. Sonralar günəş evləri adından bu   məskənlər digər adlarla əvəz olundu. Yəni əzəli adlar dəyişdi. 
Dənizdən-dənizə yaranan ilk yaşayış məskəni əvvəlcə Qarabaq, sonra isə Qaradaq adlandı. İlkin parçalanmalar və köçlər də buradan başlandı. Bu məskəni AZ-lar yaratdı, AZ-ərlər böyütdü və sonda AZ-ər baqları yarandı. Göründüyü kimi dənizdən-dənizə olan bu yerlər AZ-ər mənşəlidir. Yəni Az-ərlərə məxsusdur.
Ermənilərin on illərlə dünyaya sırıdıqları “dənizdən-dənizə dövlət” ideyası da məhz bu bu mənbədən oğurlanıb. Ermənilər özlərinə aid olmayanı özününküləşdirmək yəni mənimsəmək istədilər, lakin bu baş vermədi.
Tədqiqatçı Qalib Nüsrət oğlu Quliyev Laçın adının daha qədim köklərə aid olduğuna diqqət çəkir. O izahında belə deyir: “Qoç dövründə Xaç-Çaxın yerində Laç-Çal yerləşirdi. Laç-Laçın adı belə yaranıb... Laçının tərsi Çal-Çağlan-Çalağanlar idi. Laçın adına Xaç-Xaçen adı uyğunlaşdırılıb. Tərsinə yox... Maqlar dövründə Manlar-Mənlər-Minlər yarananda Maç və onun tərsi olan Çom kodları yaranıb... Daha sonra Çom kodu Cam və Cəmə çevrilib... Bu bizim dəqiq tariximizdir...” Qalib Nüsrət oğlu Quliyevin araşdırmasında da Laçın sözünün kökündə Çalağan yəni quş qartal ifadə edilir. Bu mifoloji təhlildən  belə qənaətə gəlmək olur ki, Laçının coğrafi ərazisi çox qədim dövrlərdən bu günümüzə qədər  qədim türk fəlsəfi şüuruna şahidlik edib. 

Faiq İsmayılov
AMEA A.A. Bakıxanov adına 
Tarix və Etnologiya İnstitunun əməkdaşı.

Best coffeeshop in Berlin