Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sevinc Ədalətqızı:
QURUCULUQDAN ŞƏHADƏTƏ UZANAN ÖMÜR SALNAMƏSİ -
ZÜLFÜ HACIYEV

Bu yazı Azərbaycanın görkəmli dövlət xadimi, Qarakənd faciəsinin Şəhidi Zülfü Hacıyevin anadan olmasının 90 illik yubileyinə və Şəhadətinin  34-cü ildönümünə həsr olunur.

Sumqayıt — gənclər şəhəri! Bir vaxtlar o, qurucular şəhəri kimi tanınırdı. Nədənsə Ana Sumqayıtın adı çəkiləndə, onun çiçəklənməsi və dirçəlməsi  gözlərimin önünə həmişə Zülfü Hacıyev şəxsiyyətini gətirir.
Böyük əməllər sahibi, inşaatçı-mühəndis, qurucu, memar — Zülfü Hacıyev!
Həqiqətən də,müasir Sumqayıtın şəhərsalmaişlərinin hər mərhələsində onun izləri görünür. Zavodlar, uca binalar, məktəblər, idarələr, mədəniyyət sarayları,  şadlıq evləri — bütün bunlar onun ideyasının və prinsipial zəhmətinin məhsuludur. Zülfü Hacıyev ömrünü quruculuq işinə ürəkdən can yanğısı ilə sərf etmiş, mehriban və gülərüz siması, nəcib davranışı, xeyirxah əməlləri ilə yaddaşlarda qalmışdır.
Zülfü Saleh oğlu Hacıyev 1935-ci il martın 21-də Qərbi Azərbaycanın Göyçə mahalının Böyük Məzrə kəndində dünyaya göz açmışdır. Orta təhsilini burada almış, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir. Karyerasına Krasnoarmeysk şəhərində sıravi mühəndis kimi başlamış, idarə rəisi vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra Sumqayıta qayıdaraq əvvəlcə mühəndis, sonra isə 1 saylı Tikinti Trestinin rəisi vəzifəsindəçalışmışdır.
1976-cı ildən Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1982-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, 1988-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən isə 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini kimi fəaliyyət göstərmişdir. Həmçinin ömrünün sonuna qədər dörd dəfə Azərbaycan SSRAli Sovetinə deputat seçilmişdir.Zülfü Hacıyev Nazirlər Kabinetində sədr müavini işlədiyi vaxt Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son illərdə isə həmin komitəyə sədrlik etmişdir.
Ömrü çox vədəsiz bir zamanda, Azərbaycanın Vətənə sədaqətli və tanınmış dövlət nümayəndələri ilə bərabər  Qarakənd faciəsində qırılan Zülfü Hacıyev qanlı terrorun qurbanı oldu. 1991-ci ilin 20 noyabrında dövlət rəsmilərini daşıyan Mİ-8 N72 helikopteri ilə Qarabağ səmasında Xocavənd rayonunun Qarakənd ərazisiistiqamətində uçarkən, Ağdamın Mərzili kəndi yaxınlığında  xaincəsinə vuruldu. Bu qanlı terror nəticəsində Azərbaycan xalqı öz qəhrəman övladlarını – Məhəmməd Əsədovu, İsmət Qayıbovu, Vəli Məmmədovu, Tofiq İsmayılovu, Vaqif Cəfərovu, Qurban Namazəliyevi, Osman Mirzəyevi, Alı Mustafayevi, Fəxrəddin Şahbazovu, Arif Hüseynzadəni və Zülfü Hacıyevi itirdi.
Bu gün mən və onun qohumu, bibimin həyat yoldaşı, uzun illər Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda (indiki Polimerlər İnstitutu), həmçinin Kosmik Tədqiqatlar İnstitutunda çalışmış, elmi fəaliyyətini Moskvadakı Polimerlərin Fiziki-Kimyəvi Tədqiqatlar İnstitutunda müdafiə etmiş, kimya elmləri namizədiValeh müəllim Əhmədovla gözəl insan, fədakar ziyalı, Şəhid ictimai xadim Zülfü Hacıyevi ehtiramla yad edirik.

SUMQAYITIN İNKİŞAFINA BÖYÜK TÖHFƏ
Valeh müəllimin xatirələrindən:

“Zülfü Hacıyevlə bağlı xatirələrim çoxdur, amma ən çox yadda qalanlar onun işgüzarlığı və insanlara olan qayğısı ilə bağlıdır.Zülfü müəllimi 1969-cu ildən tanıyırdım. Atası Kəlbəcərli, anası Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndindən idi. Atamın bibisinin nəticəsi olan Zülfü müəllim mənim üçün həm qohum, həm də çox yaxın, səmimi dost idi.
Zülfü Hacıyev işlədiyi hər yerdə yüksək zəhmətkeşliyi, prinsipiallığı və insanlara olan böyük diqqəti ilə tanınırdı. Onun bir özünəməxsus xasiyyəti vardı: gecə saat 11-ə qədər yorulmadan işləyər, qəti qərarlar qəbul edərdi.
Bir dəfə görüşümüzdə mənə sevinc içində dedi:
— “Müəllim, Sumqayıtı iki rayona bölürük. Sənədlərin hamısı hazırdır, Mərkəzi Komitəyə təsdiq üçün aparıram. Yüzlərlə yeni iş yeri açılacaq, camaatın maddi vəziyyəti yaxşılaşacaq.”
Sonradan icazə alındı və bu işə başlanıldı. O dövrdə Sumqayıtda böyük gəmi gətirilmişdi ki, şəhər sakinlərinin gəzintisi üçün istifadə olunsun. Gəminin suya buraxılmasını səbirsizliklə gözləyirdik — səhərdən axşama qədər yorulmuşduq, ac qalmışdıq. Rəhmətlik Fəzail müəllimlə bərabər oturub çörək yedik. Sonradan Zülfü müəllimin yanına gələrkən gülümsəyərək dedi:
— “Mən də səhərdən acam. Kaş ki məni də gözləyərdiniz, bərabər çörək yeyərdik.”
Nəhayət gəmi suya oturduldu və şəhərdə böyük bir bayram oldu. 
Sumqayıt camaatı Zülfü müəllimi xüsusi hörmətlə sevirdi. Onun təşəbbüsü ilə yüzə yaxın ailə üçün ev tikilirdi. Sovet hökuməti bu işləri “qeyri-qanuni” hesab edib dayandırsa da, Zülfü müəllim hər zaman insanların tərəfində dururdu.Corat qəsəbəsində yarımçıq qalan evlərin tikintisi dayanmışdı. Zülfü müəllim icra başçısı təyin olunduqdan sonra həminevlərin  tikintisinin davam etdirilməsinə  icazə verdi.Bu gün də həmin insanlar ona rəhmət oxuyurlar.
Onu da qeyd edim ki, həmin dövrdə institutun elmi işçilərinə mənzillər ayrılırdı. Mən də müraciət etmişdim. Zülfü müəllim məni dinləyib dedi:
— Elmi-tədqiqat institutuna 24 mənzil ayrılıb. İstəsəniz mənzili indi təqdim edim, istəsəniz ilin axırında - Seçim sizindir.
O, hər zaman elm adamlarına xüsusi hörmətlə yanaşırdı. İnstitutumuzla mütəmadi əlaqə saxlayır, elmin inkişafına diqqətini əsirgəmirdi. Heç kimin xahişini yerə salmayan, hər bir insana həssaslıqla yanaşan, uzaqgörən, nadir insanlardan idi.

HEYDƏR ƏLİYEVLƏ BAĞLI UNUDULMAZ HADİSƏ
Zülfü Hacıyevin işgüzarlığı və prinsipləri onun rəhmətlik Heydər Əliyev tərəfindən də diqqətini çəkmişdi. Bir dəfə Kürdən Bakıya çəkilən su kəməri ilə bağlı işlərə baxış keçirən Heydər Əliyev trestin rəhbəri olan Zülfü müəllimi tapmayınca əsəbiləşir.Mühəndislər izah edirlər ki, Zülfü müəllim texniki bir detalı şəxsən düzəltməklə məşğuldur və həmin anda aşağıda, qazıntı çuxurunda çətin şəraitdə çalışır. Heydər Əliyev yenə əsəbiləşir və deyir:
— Belə müdir, belə rəis olar?
Zülfü müəllimə dərhal xəbər verirlər:
— Yoldaş Hacıyev, Heydər Əliyev gəlib, sizi soruşur.
O isə su kəməri çəkilişi gedən ərazidən çıxır — ayağında sapoq, üstü-başı toz-torpaq. Heydər Əliyev onu bu vəziyyətdə görüb daha da əsəbiləşir və deyir:
— Yoldaş Hacıyev, biz sizi bura camaatı idarə etmək üçün qoymuşuq, gedib fəhləlik etmək üçün yox.
Zülfü Hacıyev qətiyyətlə və eyni zamanda səmimiyyətlə izah edir:
— Yoldaş Əliyev, bu detalı nə fəhlə, nə mühəndis düzəldə bilirdi. Məcbur qalıb özüm öz əllərimlə düzəltdim.”
Əvvəlcə əsəbiləşən Heydər Əliyev Zülfü müəllimin səmimiyyətini və işgüzarlığını gördükdən sonra vəziyyətə anlayışla yanaşmışdı.. Bu, Zülfü Hacıyevin prinsipial və məsuliyyətli xasiyyətinin, hər işə şəxsən canla yanaşmasının bir nümunəsi idi.
Bu hadisədən sonra Zülfü müəllim Heydər Əliyevin qəbuluna çağırıldı.Birlikdə maşına əyləşərəkSumqayıta getdilər. Orada geniş bir toplantıda Heydər Əliyev Zülfü Hacıyevi Sumqayıt şəhər İcra Komitəsinin rəhbəri təyin etdi. O gündən sonra Sumqayıtda elə bir adam olmadı ki, ondan narazı qalsın — hamıya kömək edər, hər bir problemin həlli ilə şəxsən maraqlanardı.

ELMƏ, ŞƏHƏRƏ VƏ İNSANLARA BAĞLI ZİYALI
Polimerlər İnstitutunun binasının təməlini də məhz Zülfü Hacıyev qoydurmuşdu. Elmə böyük hörmətlə yanaşırdı. Bir dəfə mənə demişdi:
— “Müəllim, elmin hörməti sanki azalır, ağlım kəsmir… Görün özünüzə yaxşı bir iş tapa bilirsinizmi.”
    Zülfü müəllim səhər saat 7-dən başlayaraq 9-a qədər Sumqayıtı küçəbəküçə gəzərdi, harada daş-kəsək görərdi dərhal göstəriş verərdi ki,  təmizləsinlər. O, şəhərdə əkilən bütün “şam ağacları”na da etiraz etmişdi:
— “Bizim öz palıdımız, vələsimiz, fıstığımız durarkən niyə hər yeri şam basır?”
Yaşıllaşdırma idarəsinin müdirini çağırıb bu məsələni ciddi müzakirə etmişdi.
Polimerlər İnstitutunun şəhərin kənarına köçürülməsini eşidəndə də razılaşmamışdı. Təkidlə demişdi ki, elm ocaqları hamısı bir cərgədə, dənizkənarı ərazidə — şəhərin görkəmli yerində olmalıdır. Zülfü müəllim böyük əziyyət müqabilində, bu məqsədinə nail ola bilmişdi.
Sonradan o, Naxçıvan MSSR Partiya Komitəsinin sədri, Nazirlər Sovetinin müavini, Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrinə yüksəldi. Lakin bütün vəzifələrində sadəliyini, səmimiyyətini və xalqına olan sevgisini qoruyub saxladı.
Çox təəssüf ki, xalqını ürəkdən sevən Zülfü Hacıyev kimi dəyərli insanlar aramızdan çox tez ayrıldılar. Zülfü Hacıyev başda olmaqla, Qarakənd faciəsində Şəhid olan Tofiq İsmayılov (onunla da çox yaxın münasibətlərim olub), Məhəmməd Əsədov, İsmət Qayıbov və digər dövlət xadimlərimizin ruhu şad olsun. Allah onlara rəhmət eləsin!”

SONDA
Qeyd edək ki, Sumqayıt şəhərində vaxtilə Zülfü Hacıyevin rəhbərliyi ilə tikilən 17 saylı orta məktəb bu gün onun adını daşıyır.
Zülfü Hacıyevin xatirəsi bu gün də yaşayır. Sumqayıtın hər küçəsində, hər yaşayış massivində onun zəhmətinin izi var. Azərbaycan xalqının qəlbində isə xeyirxahlığı, təvazökarlığı və böyük insanlığı ilə əbədi olaraq unudulmazdır.
Sevinc Ədalətqızı

 

Best coffeeshop in Berlin