Kəlbəcərin qayıdış tarixi
25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin ildönümü olmaqla, dövlətimizin ərazi bütövlüyü uğrunda aparılan mübarizənin qələbə ilə nəticələndiyi mühüm tarixi günlərdən biridir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və ordumuzun gücü nəticəsində Kəlbəcər rayonu bir güllə atılmadan, sülh yolu ilə işğalçılardan təhvil alınmışdır. Bu hadisə ölkəmizin diplomatik və hərbi üstünlüyünün parlaq nümunəsi kimi tarixə düşmüşdür.
Kəlbəcərin azad olunması bölgənin strateji təhlükəsizliyinin təmin edilməsində, Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf mərhələsinin başlanmasında həlledici rol oynamışdır. Tətbiq olunan genişmiqyaslı bərpa və yenidənqurma proqramları sayəsində bu qədim diyarın infrastrukturunun, mədəni irsinin və sosial həyatının dirçəldilməsi istiqamətində mühüm addımlar atılır.
Bu gün Kəlbəcərin azadlığı, xalqımızın birliyinin, Azərbaycan dövlətinin gücünün və ədalətin bərpasının təntənəsi kimi qeyd olunur. 25 Noyabr həm də şəhidlərimizin əziz xatirəsinin anıldığı, qəhrəman qazilərimizin mübariz ruhunun ucaldıldığı bir gündür.
Gülnarə Quliyeva,
Masallı rayonu, Səmədxan kəndi


